Suriya:

Böyük dövlətlər regionlarda qruplaşmalar yaradırlar

Obyekti birbaşa təhlil etməzdən və siyasi predmet yaratmazdan öncə, dünya siyasəti və bu siyasətdə böyük dövlətlərin maraqları amilinə toxunmaq məqsədəuyğun olar. Çünki 2010-ci ilin dekabr ayının 18-də Tunisdə başlanan "Ərəb baharı"nın genişlənən dalğası olaraq, 26 yanvar 2011-ci ildən başlamış və bu günə qədər də dünyanın nəhəng güclərinin qlobal rəqabət mübarizəsinin məkanı və obyekti olan Suriya böhranı dünya siyasətində böyük dövlətlərin maraqlarının nəticəsidir. Təhlil zamanı Suriya amilindən istifadəni zəruri edən səbəb və nəticə kriteriyalarını əsas götürmək lazım gələcək.

Suriyanın yerləşdiyi coğrafi məkan - türk dünyası ilə ərəb dünyası arasında yerləşmə mövqeyi, bu dövlətin İranın Ərəb dünyasına və Aralıq dənizinə çıxışını təmin edən mövqelərdən biri olması; İran və Türkiyənin Ərəb dünyasında ortaq dini, siyasi və mədəni maraqları üçün mühüm mövqelərdən birinə sahib olması; İran üçün Qərbin regionda siyasi təzyiqlərini sığortalayan məkanlardan biri rolunu oynaya bilmək üçün mühüm coğrafi mövqeyə malik olması;Ərəb-İsrail böhranlarında və əlaqələrində Ərəb dünyasının tərkibini təşki etməsi və s. kimi kriteriyalar dünyanın böyük dövlətlərinin regional maraqlarında oxşarlıqları, paralellikləri və kəsişmələri, bundan yaranan toqquşmaları zəruri etməkdədir. Hal-hazırda Suriya həm də dünyanın yenidən bloklaşmasının, çoxqütblülüyünün və bölünməsinin hardasa müəyyən mərhələlərini təmin edən kəskin coğrafi-siyasi obyekt və vasitə rolunu oynayır.
Eyni zamanda böyük dövlətlərin hərbi sınaq poleqonuna çevrilib. Yaxın Şərqin regional gərginliklərinin növbəti fazasını özündə təzahür etdirir, həm də belə qəbul etmək olar ki, "Ərəb baharı" dalğasının pik və gələcəkdə sönən bir məkanıdır.
Eyni zamanda inqilablar və onlardan nəticələr üçün ibrət dərsi götürülməli olan bir məkan və nümunədir, dövlətdir. Suriya hadisələri özündə məcazi mənada ifadə etsək, "Ərəb baharı" dağasının "sahil məkanı"nı əks etdirir. Dalğaların dağıdıcı gücü son nöqtə olaraq burada cəmləşib. Yenidən bipolyarlığa iddia edən Rusiya "Ərəb baharı"nın ideoloqlarının və texnoloqlarının (Qərb dövlətlərinin) son strategiyalarının və taktikalarının tam şəkildə yerinə yetirilməsinin qarşısını almaq və öz nüfuzunu regionda sübuta yetirmək məqsədilə müvafiq tədbirlrə əl atıbdır. Bunun nəticəsi olaraq gərginlik həm də yeni fazaya keçib. Ola bilər ki, yaxın gələcəkdə bu gərginlik özünün tarazlı mərhələsinə qədəm qoysun.
Böyük dövlətlər və dünya siyasəti. Dünya siyasətinin sistemlərini (alt və üst sistemlərini) başlıca olaraq müxtəlif elementlər təşkil edirlər. Bu elementlər də resurslardan, təsir olunan obyektlərdən (siyasət maraqlarının obyektləri) və təsiredən vasitələrdən (burada subyektlər), alətlərdən (siyasətdə istifadə olunan mexanizmlərdən) ibarətdir. Resursların ümumdünya üzrə hərəkət mərkəzləri elə böyük dövlətlərdir. Dünya siyasətinin ağırlığı məhz böyük dövlətlərin üzərlərinə düşür. Onlar resurslara istiqamətverici təsirlər edirlər, resursları yönləndirirlər. Bu kimi resurslar, vasitələr dünya siyasəti sisteminin, strukturunun və əlaqələr şəbəkəsinin əsaslarını meydana gətirir.
Dünya siyasəti öz kəmiyyətinə görə, tərkib resursları baxımından artan-azalan proseslərlə xarakterizə olunur. Burada artım proseslərinin əsas subyektləri, mərkəzi hərəkətverici qüvvələri, əsas ağırlıq elementləri rolunda böyük dövlətlər çıxış edirlər. Onlar dünya proseslərinə sahib çıxmaqda israrlıdırlar və bu yolla şaxələnmə iddialarını təmin etməkdə maraqlıdırlar. Böyük dövlətlərin maraqlarının böyüklüyü bir tərəfdən dünya siyasətinin böyük axarını müəyyən edir, digər tərəfdən isə böyük axarlar arasında və daxilində olan kəskin və radikal toqquşmaları yaradır. Dünyanın resurslarını və onların axınlarını öz əllərində cəmləşdirən böyük dövlətlər axının tərkibini, axının qlobal və regional istiqamətlərini müəyyən edirlər. Ümumən isə dünyanın, onun tərkibi olan beynəlxalq münasibətlərin (Qeyd: əgər biz daxili və beynəlxalq münasibətlərin xəyali müstəvisini öz düşüncələrimizdə xəyali dairə üzrə əhatələndirsək, dairənin kənar xəyali nazik xətti beynəlxalq münasibətləri, beynəlxalq münasibətlərin qalınlaşmış xətti isə dünya siyasətini əhatə edir. Buradan da dünya siyasəti tərkibində daxili siyasət və beynəlxalq siyasət meydana gəlir. Dünya siyasəti həm də öz növbəsində daxili siyasəti də dairələrlə əhatə edən beynəlxalq münasibətlərin "qalınlaşmış xəttini" təşkil edir) strukturunun formaları böyük dövlətlərin tərəfindən birbaşa və ya da onların təsirləri ilə, yəni, orta və kiçik dövlətlərə qarşı tətbiq etdikləri təzyiqlər yolu ilə, təsirlər metodları vasitəsilə meydana gəlir.
Beynəlxalq əlaqələrin zəruri forması onun məcburi olaraq bölgüsünü, yəni, struktur baxımdan maraq dairələrinə ayrılmasının çalarlı xassələrini yaradır. Beynəlxalq münasibətlərin özünün, - mücərrəd deyək ki, bir anlayış kimi əhatəsi - dövlətlər arasında strukturlu əlaqələr mexanizmini meydana gətirir. Dövlətlər beynəlxalq əlaqələrdə strukturlaşanda, burada bağlılıq formanın mərkəzi və ətraf güc komponentlərini yaradır.
Dövlətlər əlaqələr strukturunda beynəlxalq güclərinə görə təsnif olunurlar. Dövlətlər bu güc amilindən istifadə edərək beynəlxalq əlaqələr strukturunun vahid formasında özlərinin ağırlıq mərkəzlərini və ağırlıq sferalarını yaradırlar. Ağırlıq mərkəzləri vahid strukturun forma və məzmun baxımından tərəflərə ayrılmasını təmin edir. Burada ayırıcı kriteriyalar olaraq beynəlxalq əlaqələri təşkil edən elementlərdən istifadə olunur. Ağırlıq mərkəzlərinin formalaşması dünyanın vahid tərkibinin hissələrə ayrılmasını təmin edir. Dünyanın böyük dövlətləri öz radikal fəaliyyətləri ilə destrukturlaşma proseslərini meydana gətirirlər.
Xəyali təsvirlərdən keçidlər edərək, bu baxımdan da reallıqlar prizmasından çıxış edərək, belə qəbul etmək olar ki, hər bir böyük dövlətin, güc mərkəzinin öz siyasi xisləti (təbiəti) var. Bu xislət həm də universal məzmunludur. Dövlətlərin daxili və beynəlxalq güclərinin artımı onların fəaliyyət xislətini meydana gətirir. Bir qayda olaraq, dünyada genişlənmək, siyasət istiqamətlərini məkanlar və sahələr üzrə genişləndirmək, siyasət axınlarını böyütmək, sistemli və konseptual müstəvi yaratmaq, təsir məkanlarını böyütmək, öz ətraflarında, xüsusilə, sərhədlərində kiçik dövlətlərdən ibarət təhlükəsizlik qurşaqlarını yaratmaq, böyük bazarlar əldə etmək, istehlak baxımından iqtisadi məkanlar yaratmaq və s. kimi hərəkətlər böyük dövlətlərin xarakterik xüsusiyyətlərinə aiddir. Böyük dövlətlərin fəaliyyəti onların regionlarda universal və məxsusi məzmunlu beynəlxalq xislətini formalaşdırır. Böyük dövlətlər bir tərəfdən dünya mərkəzinin, digər tərəfdən isə ayrıca olaraq beynəlxalq əlaqələr mərkəzinin (təbii ki, beynəlxalq əlaqələr də təsirdədir) funksiyalarını öz üzərlərinə götürürlər. Böyük və kiçik dövlətlərdən ibarət olan ümumdünya strukturu və beynəlxalq əlaqələr strukturu bir tərəfdən onun üzvü olan fərqli elementlər tərəfindən, digər tərəfdən isə böyük dövlətlərin iştirakı ilə rəngarəngləşir.
Böyük dövlətlər reallıqda və konkret şəkildə yaxın və uzaq məkanlarda strateji və taktiki təsir dairələri uğrunda mübarizələr aparırlar. Bu mübarizə məkanları həm böyük dövlətlərin maraqlarını dartan obyektlər rolunu oynayır, həm də onlar üçün təhlükələr və risqləri artıran obyektlər kimi çıxış edir.
Böyük dövlətlərin rəqabəti kəskin halda gərginliyə xidmət edir. Hər bir beynəlxalq gərginliyin məkanı mövcuddur. Miqyası, eyni zamanda dərəcələri var. Həm də beynəlxalq gərginliklərin müəyyən anında, hər hansısa bir xəttin ortasında gərginlik üçün məkan artıq yox olur. Gərginliyi yaradan elementlərdə sürət zəifləyir. Sıxılma ortasında məkan artıq çatışmır ki, elementlər öz hərəkətlərini sərbəst sürətlə etsinlər. Bu anda mübarizə artıq radikal forma, məkanları çox çətin keçən forma almış olur. Radikallıq isə sonrakı qlobal fəlakətləri gətirib çıxara bilir. Gərginliklər müəyyən xətlərdə azalmağa başlayır və güzəştlər meydana gəlir. Bu güzəştlər isə artıq məcburi sabitliyin yaranmasını özündə ehtiva edir. Gərginlik yeni vərdiş olunacaq tarazlıqların yaranmasını zəruri edir. Qorxu amili, müəyyən strukturların dağılması təhlükəsi, mübarizədə olan tərəflərin mərkəzi hissələrinə olan zərbələr qorxusu tərəfləri artıq geri çəkilməyə məcbur edir. Böyük dövlətlər böyük potensialın qarşı-qarşıya gəlməməsi üçün müəyyən güzəştlər etmək, rəqabət mübarizəsini yaradan elementləri geri çəkmək məcburiyyətində qalırlar. Gərginliklər aktivikdən passivliyə doğru keçidlər etməyə başlayır. Kompromislər, danışıqlar güzəştlər məsələsi gündəliyə gəlir. Diplomatiyadan istifadə olunur, beynəlxalq əlaqələrin digər təminedici üsulları (beynəlxalq görüşlər, razılaşmalar-sənədlər) işə düşür. Vəziyyəti yeni əsaslarla üzə çıxaran sənədlər meydana gəlir.
Beynəlxalq gərginliklər əsasən bir və ya da bir neçə dövlətin ərazisində yaşanan problemlərdən ortaya çıxır. Bu gərginliklər həm dövlətlərarası əlaqələrdə yaranır, həm də gərginliyin obyekti olan dövlətlərdə (yerli əsaslarla, yerli təzyiq amillərindən istifadə olunmaqla) meydana gəlir.
Böyük dövlətlər dünyanın siyasi strukturunu elə formalaşdırıblar ki, quruluşdakı proseslərdən dünyanın mərkəzlər tərəfindən idarəolunması halları mövcud olur. Bu baxımdan da beynəlxalq gərginliklər həm regional, həm də qeyri-regional təsirlərə malik olur. Bu təsirlər əvvəlki vərdiş olunmuş strukturlarda çatları meydana gətirir.
Böyük dövlətlər dünyada gərginlik mərkəzlərini bir-birilərinə təzyiq vasitələri kimi təşkil edirlər. Əsas təzyiq maraqların cəmləşdiyi mərkəzlərdən meydana gəlir. Təzyiq mərkəzlərindən digər məsələlər üçün güzəşt amili məqsədilə istifadə olunur.
Böyük dövlətlər regionlarda qruplaşmalar yaradırlar. Maraqların kollektiv təmini məqsədilə koalisiyalar yaradırlar. Onların iştirakı öz-özlüyündə təbii şəkildə qruplaşmanı meydana gətirir. Bir böyük dövlət dünyanın digər regionunda hərbi və iqtisadi cəhətdən gücləndikdə, regionda onun tərəfdarları və qeyri-tərəfdarları formalaşır. Bu kimi amillər regionlarda siyasi və iqtisadi, eləcə də mədəni mühitdə çatları əmələ gətirir.
Böyük dövlətlər özlərinin maraqları naminə daima dünya ictimaiyyəti üçün aldadıcı siyasət və qeyri-hüquqi siyasət həyata keçirirlər. Bu baxımdan da dünya "ifadəli-gur səsli" və "lal-dinməz" şəkildə bölünür.
Böyük dövlətlər dünyanı iqtisadi, siyasi, mədəni, o cümlədən dini faktorlar üzrə öz təsir dairələrinə salmağa çalışırlar. Bu təsir və təzyiq, həmçinin bölgü faktoru dünya vəhdətinin daxilində gərginliklərin yaranmasını şərtləndirir.

Elşən Nəsibov,
siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq