Saxta

AMEA və Ali Attestasiya Komissyasına "dur" deməyin vaxtı çoxdan çatıb

Azərbaycanda saxta elmi dərəcələr və adların verilməsindəki problemlər müntəzəm olaraq gündəmə gəlib. Hətta zaman-zaman ölkə mətbuatı bununla bağlı ortaya konkret faktlar qoysa da sözügedən sahədə hansısa islahat və ya irəliləyişin şahidi olmamışıq. Bir çox hallarda vəzifəli şəxslər başqalarına elmi iş yazdıraraq saxta elmi adlara sahiblənirlər ki, bu işdə də onlara müvafiq qurumlar - AMEA və Ali Attestasiya Komissyası yardımçı olur.

Qeyd edək ki, Ali Attestasiya Komissiyasının ləğv edilməsi haqda iddiaların səsləndirilməsi və bu ideyanın getdikcə daha çox tərəfdar qazanması da bu sahədə biabırçılığın miqyası haqda xəbər verir. 1932-ci ildə SSRI-də təsis olunan və faktiki olaraq 1934-cü ildə fəaliyyətə başlayan Ali Attestasiya Komissiyasının (AAK) təşkili, imperiyada kifayət qədər peşəkar və dissertasiya işlərinə qiymət verə biləcək ideoloji baxımdan davamlı alimlərin çatışmazlığı ilə izah olunurdu. O zamana qədər elmi adların verilməsi bilavasitə institutlarda və universitetlərdə həyata keçirilirdi. İmperiya dağıldıqdan sonra sovet üsul-idarəsindən tam şəkildə qopa bilməyən respublikalar öz ölkələrində analoji qurum yaratdılar. Lakin az keçmədi ki, dünya birliyi ilə sıx inteqrasiya kursu seçən bir çox respublikalar AAK-ın ləğv edilməsi, birpilləli attestasiya sisteminin tətbiqilə bağlı qətiyyətli addımlar atdılar. Azərbaycan Respublikası Prezident Aparatı yanında AAK isə bünövrəsini möhkəmləndirərək Respublikanın təhsil sistemində korrupsiyanın baş alıb getdiyi ən önəmli halqa oldu.
AAK-ın hazırkı fəaliyyəti isə yalnız təəssüf doğurur. Qurumun tələb etdiyi sənədlərin sayının kifayət qədər çox olması üçün xüsusi səy göstərir. AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı iki seminar və aparıcı müəssisə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur.
AAK-nın daha çox tənqid olunduğu məsələ isə imkanlı, vəzifəli şəxslərin "elmi dərəcə də pis olmaz" həvəsinin quluna çevrilməsidir. Son illərdə elmi dərəcə alan şəxslərin adlarının açıqlanması barədə müxbirlərin suallarını "bu dövlət sirridir" deyə cavablandıran AAK rəhbərliyi çox incə manevr etmişdir. Əks təqdirdə, vəzifəli və imkanlı şəxslərin ailə üzvləri ilə bərabər "topdan" elmi adlarla təltifinin izahı həm gülməli həm də ağlamalı olacaqdı. AAK-nın səyləri nəticəsində elmi kriteriyalara cavab verən dissertasiyaların sayı çox az olsa da, "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək alimlərimiz olmasa da, ümidimizi üzməyək. Adambaşına düşən keyfiyyətsiz fəlsəfə doktorlarının, elmlər doktorlarının, professorların sayına görə həmin kitaba düşmə şansımız çox yüksəkdir.
Bildirək ki, plagiat yolla doktorluq dissertasiyası müdafiə edənlər arasında hətta nazirlər, nazir müavinləri, digər vəzifəli şəxslərin və deputatların olduğu da bildirilir. Maraqlıdır ki, elmi adların verilməsini ekspertiza edən qrupda ümumilikdə 12000 mütəxəssis iştirak edir, amma son mərhələ olaraq AAK-ın 20 mütəxəssisi ekspertiza aparır. Təbii ki, 20 elm adamının çiyninə düşən yükü fiziki cəhətdən də çatdırmaq mümkün deyil. Çünki hər il 500-dən çox elmi dərəcə təyin olunur. AAK-a Ekspertlər Şurası və dissertasiya şuraları da daxildir. Ekspertlər Şurasına 15-20, dissertasiya şuralarına isə 50-dən çox mütəxəssis daxildir. Bu işlə üst-üstə 1000-1200 mütəxəssis məşğul olur. Hazırda istənilən sahədə mövzu götürüb elmi tədqiqat aparmaq olar. İndi bunun üçün beynəlxalq aləmə çıxmağa internetdə də geniş imkanlar var. Amma yaxşı olar ki, tədqiqatçının elmi rəhbəri başlanğıcdan bu işin plagiat olub-olmadığını müəyyənləşdirsin. Ekspertlər də bu araşdırmada obyektivliyi qorumalıdır. Elmə vicdanı olan adamlar cəlb olunmalıdır. Alim adı almaq xatirinə elmi fəaliyyətə başlamaq olmaz. Plagiat faktları o şəxslərdə meydana çıxır ki, onların ümumiyyətlə elmi səviyyəsi aşağı olur.
Bununla bağlı "Unikal"ı məlumatlandıran mənbənin sözlərinə görə, məmurların böyük əksəriyyəti elmi işi özü yazmır. Amma hazırda buna qarşı mübarizə gücləndirilib. Bəzən olub ki, dövlət məmuru Ekspertlər Şurasına dəvət edilir, amma o, narazılıq edir. Nazirin, digər vəzifəli şəxsin axı vaxtı haradadır ki, bu işə də vaxt ayırsın?! Yaxşı olar ki, elmi fəaliyyətlə məşğul olanlar bu sahəyə çox diqqət ayırsın.
Elmi fəaliyyətin praktiki əhəmiyyətindən danışan alim bunun 50 ildən sonra da təzahürlərinin olduğunu vurğuladı: "İstənilən sahədə elmi fəaliyyətdə olan şəxs gərək həmin sahənin elmi ictimaiyyətində tanınmağa cəhd etsin, nüfuzlu jurnallarda elmi məqalələri dərc olunsun, beynəlxalq konfranslarda iştirak etsin".
Şübhəsiz ki, alim olmaq istəyənlər öz elmi işlərində başqa materiallardan istifadə edə bilər. Amma elmi ad almaq istəyən başqasının yazdığını tərcümə etməklə kifayətlənir və bunu öz işi kimi təqdim edirsə, bu, plagiatlıqdan başqa bir şey deyil.
Odur ki, gələcəyimizi baltalayan bu əməllərinə görə AMEA və Ali Attestasiya Komissyasına "dur" deməyin vaxtı çoxdan çatıb. Hələ bəlkə də gecikmişik...
Orxan Həsənli