Yaşar Həsənovla Əkbər Hacıyevin pul davası

Azərbaycanda iki dövlət qurumunun qovğası insanları boğaza yığıb
Bir neçə gün əvvəl "Azəristiliktəchizat" ASC-dən bildirilmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.
Lakin Bakının müxtəlif ərazilərindən xeyli oxucu ünvanladıqları şikayətlərində qeyd edirlər ki, elan olduğu vaxtdan bir neçə gün keçməsinə baxmayaraq, onlar hələ də ya soyuq mənzillərdə yaşamaq və ya qızınmaq üçün elektrik qızdırıcılarından istifadə etmək və buna görə əlavə pul ödəmək məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, bəzi yerlərdə istilik təchizatının olmamasının səbəbi "Azəriqaz" İstehsalat Birliyi ilə aralarında yaranan problemdir. Belə ki, "Azəristiliktəchizat" ASC-nin borcu olduğundan "Azəriqaz" qazanxanalara verilən qazı kəsib, sayğacları isə möhürləyib: "Hazırda Bakı şəhərinin 50 faizindən artıq ərazisində eyni vəziyyət hökm sürür. Yəni paytaxtın yarıdan çox ərazisi istilikdən məhrumdur".
R.Əliyev məsələnin niyə bu vaxta qədər həll olunmamasının və məhz payız-qış mövsümündə belə bir addımın atılmasının səbəblərini də açıqlayıb: ""Azəriqaz" tərəfindən belə bir addımın atılması bizim üçün də gözlənilməz oldu. "Azəriqaz" bizdən lap çoxdan olan borcların ödənilməsini də tələb edir. Yəni "Azəristiliktəchizat" yaranmamışdan əvvəl, yəni 2005-ci ilədək istilik təhizatını Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bakı İstilik İdarəsi həyata keçirdiyi vaxtlarda yaranmış borcu da bizdən tələb edirlər. Bu da kifayət qədər böyük məbləğdir. Bizim istilik təchizatı müqabilində əhalidən aldığımız məbləğ o qədər böyük deyil ki, bunu həm də yığılmış borcun ödənməsinə yönəldək. Əhali demək olar ki, abunə haqlarını ödəyir. Lakin bu, çox azdır. Hökumət də bilir ki, qoyulmuş tariflər istilik təchizatı ilə bağlı işlərin maya dəyərini ödəmir, yəni xərclərimizi ödəmir. Borcun ödənilməsi üçün dövlət tərəfindən subsidiya da verilir, lakin bu da kifayət etmir. Əhalidən hər kv.m-ə görə aldığımız 15 qəpiklə bu borcu tam ödəmək mümkün deyil. Lakin biz "Azəriqaz"a olan cari borclarımızı hər il hissə-hissə ödəyirik. Amma, görünür bu, qarşı tərəfi qane etmir ki, belə bir addım atıb".
Xidmət rəisi yaranmış borca görə belə vaxtda qazanxanaların qazının kəsilməsini düzgün hesab etmir: "Biz etiraf edirik ki, borcumuz var. Lakin hesab edirik ki, bu məsələni məhkəmə yolu ilə həll etmək daha sivil üsul olardı. Çünki biz ikimiz də dövlət qurumuyuq. Məhkəmə nə qərar çıxarardısa, ona uyğun hərəkət etmək olardı. Daha belə bir vaxtda qazı kəsib insanları istiliksiz, soyuqda qoymaq doğru deyil. Biz artıq məsələ ilə bağlı həm "Azəriqaz"ın rəhbərliyinə, həm də hökumətə məktub ünvanlamışıq. Gözləyirik görək nə qərar veriləcək. Axı bizim indi o qədər imkanımız yoxdur ki, 20 ildən qalmış borcları ödəyək".
Məsələnin nə zaman həll olunacağına gəlincə, R.Əliyev bu barədə nəsə deməyə çətinlik çəkdiyini deyib.
Problemlə bağlı "Azəriqaz" İB-dən isə bildirilib ki, məsələ əhali ilə "Azəristiliktəchizat" arasında həll olunmalıdır. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib ki, bu gün "Azəriqaz"ın təbii qazın verilişi ilə bağlı heç bir problemi yoxdur: ""Azəristiliktəchizat" ASC əhalini təmin edə bilmirsə, bunun "Azəriqaz"a nə dəxli var? Biz binaların, mənzillərin hamısını təbii qazla təmin edirik. Şikayət edənlər də bizdən etmirlər, çünki mətbəxlərində, hamamda, otaqlarında qaz yanır. Əgər onların problemi "Azəristiliktəchizat"ladırsa, qoy məsələni öz aralarında çözsünlər. Burada "Azəriqaz"ın günahı yoxdur".
İ.Kərbəlayev əhaliyə belə durumda maraqlı tövsiyə də verdi: ""Azəristiliktəchizat"ın qazanxanaları işləmirsə, əhali təbii qazla təmin olunur, əksəriyyətinin də kombi sistemi var və onunla da və ya sobalarla mənzillərini qızdırırlar".
Əgər "Azəristiliktəchizat" borcu bu dövrdə ödəməsə, əhalinin aqibətinin necə olacağı sualına gəlincə, şöbə rəisinin fikrincə, bunu "Azəristiliktəchizat"dan soruşmaq lazımdır. Hər iki qurum bunu qəsdən edir.
Məsələ ilə bağlı enerji məsələləri üzrə iqtisadçı-ekspert İlham Şaban isə bildirib ki, hökumət bu məsələyə dərhal reaksiya verməli və problemi həll etməlidir: "Əvvəla, bizimkilər hələ də Sovet dövründə qəbul edilmiş qərarlarla hərəkət edirlər. Mənzillərə verilən qazın təzyiqinin noyabrın 15-dən etibarən artırılması ilə bağlı qərar hələ sovet dönəmində verilib. Azərbaycan Nazirlər Kabinetinin 1969-cu ildəkı qərarına əsasən isə, binalara istiliyin verilməsinə də noyabrın 15-dən başlanır. Daha düşünmürlər ki, o zamandan bəri nə qədər iqlim dəyişikliyi olub. Bəzən elə olur ki, oktyabr ayında soyuqlar düşür. Onda necə olsun? Deyirlər ki, havanın temperaturu ardıcıl 5 gün 8 dərəcədən aşağı olanda bu müddət tezləşdirilə bilər. Bəs, görəsən, onların özləri və uşaqları 5 gün ərzində 8-9 dərəcə temperaturlu mənzildə yaşaya bilərlərmi? Yəni bu cür arxaik qərarlar əsasında işləyən qurumlardan başqa nə gözləmək olar? İndiki halda da hər iki qurum bunu qəsdən edir. Əslində, iki dövlət qurumu arasında mübahisənin həll edilməməsinin və bunun əziyyətinin əhaliyə çəkdirilməsinin bir bəhanəsi var - sonda yenə də vətəndaşın cibinə girmək. Hökumət vətəndaşların hüquqları ortada olduğu bir məqamda dərhal çeviklik göstərməlidir. Vəziyyəti bu cür saxlamaq olmaz. Çünki söhbət insanların sağlamlığından və hətta mən deyərdim, həyatından, yaşamaq hüququndan gedir".
Bir sözlə, Yaşar Həsənovun rəhbəri olduğu "Azəristiliktəchizat"la Əkbər Hacıyevin rəisi olduğu "Azəriqaz" arasında pul davasının altını sıravi vətəndaşlar çəkirlər. Onlar soyuqdan donmaqda, iki dövlət orqanı isə yaranmış vəziyyətin məsuliyyətini bir-birinin üzərinə atmaqla "sudan quru çıxmağa" çalışmaqdadırlar.
Toğrul Əliyev