"Azərbaycanın Şanlı Qələbə qazanmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan sərhədində təxribatların sayı azalmır. Atəşkəs tez-tez pozulur".

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

"Son bir həftəni götürsək, elə bir gün yoxdur ki, atəşkəs pozulmasın. Burada Azərbaycan Ordusu üçün təəccüblü heç nə yoxdur. Çünki biz bilirik ki, indiyə qədər hər şeyə öz gücümüz hesabına nail olmuşuq. Bütün məsələlərin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərməli oluruq. Azərbaycan hər zaman beynəlxalq normalar çərçivəsində addım atır və Üçtərəfli Bəyanatın müddəlarına uyğun hərəkət edir. Ermənistan isə hər zaman əks mövqe tutur. Təxribata əl atır və bu prosesləri uzatmağa çalışır. Son erməni təxribatları da sülh prosesinin uzadılması məqsədi daşıyır. Azərbaycan Ordusu vəziyyəti hər zaman nəzarətdə saxlayır. Baş verə biləcək təxribatların qarşısını almaq üçün çalışır. Biz bilirdik ki, bu ərəfələrdə belə təxribatlar ola bilər. 

Həm Qərbin, həm ABŞ-ın, həm Rusiyanın  maraqları Cənubi Qafqazda toqquşur. Burada böyük gərginliklərə səbəb ola biləcək proseslər gedir. Buna baxmayaraq, Azərbaycan öz haqq işini davam etdirməyə qadirdir. Lazım gələrsə, Azərbaycan Ordusu istənilən anti-terror əməliyyatını həyata keçirə bilər. Ordumuz erməni təxribatlarına adekvat cavab verəcək. Ötən gün Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də Laçında olarkən bununla bağlı öz ismarışlarını verdi. İstənilən düşmən təxribatı zamanı bütün legitim obyektlər Azərbaycan Ordusu tərəfindən darmadağın ediləcək. Azərbaycan düşmənin başını əzməklə öz gücünü bir daha göstərəcək. Bu, beynəlxalq normalara da uyğundur. Belə ki, hər bir dövlətin ona təhlükə mənbəyi olan yerlərdə tədbirlər görmək haqqı var.

Onu da deyim ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsinə, Azərbaycanın maraqlarının tam şəkildə təmin edilməsi prosesinə başlanılıb. Ermənistan həm sülh müqaviləsini bağlamalı, həm də Azərbaycanın sərhədlərini tanımalı olacaq", - deyə o qeyd edib.

Murad İbrahimli