“İkinci Qarabağ savaşının başlandığı  27 sentyabr 2020-ci ildən iki il ötür. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis olunub. Azərbaycanı Zəfərə aparan 44 günlük yolun başlanğıcı olan bu tarix özündə bütün məqamları ehtiva edir".

"Unikal" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarının qarşısını almaq üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə  əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı:

"Döyüş meydanında üstünlüyümüzü həzm edə bilməyən Ermənistan silahlı qüvvələri iki dəfə cəbhə bölgəsindən xeyli kənarda yerləşən  Gəncəni, Bərdəni və Tərtəri raket atəşinə tutdu. İnsanlığa qarşı törədilən bu cinayətlər, bu təxribatlar da dünyanın gözü qarşısında baş versə də həmişəki susqunluq kimi, günün əsas reallığına çevrildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir, tərəflər arasında əldə olunan   humanitar atəşkəsi pozur, bəzi dünya gücləri bunu səssiz qarşılayırdılar. Müharibənin getdiyi dövrdə işğalçı Ermənistanın bir tərəfdən dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlarının, digər tərəfdən isə əldə olunan humanitar  razılaşmanı pozduğunun şahidi olduq.  Azərbaycan müharibənin gedişi dövründə dünyaya yenə də  sərt mesajlarını çatdırdı. Bütün bu ikili standartlara  əsaslanan siyasət fonunda müxtəlif təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan öz haqq işindən geri çəkilmədi, sonadək mübarizəsini davam etdirdi. Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tariximizə Zəfər səhifəsini yazdı. 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa  olundu. Dünya güclərinin 28 il kağız üzərində saxladığı BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına  icra etdi. Bir daha dünyaya bəyan edildi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, tarixi həqiqətlərə, real faktlara əsaslanan  siyasət nəticəsində onların tətbiqinə nail olmaq, haqqı, ədaləti bərpa etmək mümkündür.”

Vüqar Rəhimzadə vurğulayb ki, bugünümüzün Zəfər sevincini yaşayarkən  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan fikirləri yada salmamaq mümkün deyil:  "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Prezident İlham Əliyevin 19 ilə yaxın   Prezidentlik dövrünün  2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir: “Bu illər ərzində Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Məhz ölkəmizin informasiya cəbhəsində üstünlüyü 44 günlük  İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vətən müharibəsinin gedişi dövründə bir daha bu çağırışı etdi ki, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Əbəs yerə deməyiblər ki,  tarixinə sahib çıxan dövlət, xalq məğlubedilməzdir.  Hər zaman qeyd olunduğu kimi, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalq tarixin bütün sınaqlarından şərəflə çıxacaq.  Azərbaycan xalqı 30 illik işğal dövründə  bir an belə torpaqlarımızın yağı düşmən tapdağından azad ediləcəyinə bağlı ümidlərini itirmədi.  Təbii ki, dövlətimizin uğurlu siyasəti bu əminliyə əsas verirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, ərazi bütövlüyümüzü təmin edəcəyik,  torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Münaqişənin həllində sülh danışıqları səmərə verməyəcəyi təqdirdə  hərb yoluna üstünlük veriləcək”.

“Artıq iki ildir ki, məhz bu sevinci, torpaqlarımızın işğaldan azad edilməsinin qürurunu yaşayırıq” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  dövlət başçısı, Müzəffər  Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi: “Prezident  İlham Əliyev daim bildirir ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. 44 günlük İkinci Qarabağ müharibəsində  bütün təzyiqlərə baxmayaraq Ali Baş Komandanımız qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi. İşğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti  qoydu ki, o da yağıların torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər, ən əsası Qarabağın tacı, ermənilərin illərdir erməniləşdirməyə çalışdıqları Şuşamız işğaldan  azad edildikdən  sonra Ermənistan diz çökdü. Nəticədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu”.

Vüqar Rəhimzadə  bildirib ki, Azərbaycanın bu Qələbəsi şəksiz idi:  “Hətta  beynəlxalq ekspertlər də   Qarabağ münaqişəsinin həllində  hərb yolu seçiləcəyi  təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idilər. Çünki  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı dövlət başçısı  İlham Əliyev möhkəm təmələ əsaslanaraq  elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində ölkə Prezidenti artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirmək, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini daim xüsusi diqqət mərkəzində saxladı.  2003-2020-ci illərdə  ordu quruculuğu Prezident  İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil etdi. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və hərbi texnikalar alınaraq ordumuzun  maddi-texniki bazası daha da möhkəmləndirildi”.

 “Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu” söyləyən YAP Xətai rayon təşkilatının sədri  qeyd edib ki, müharibədə asan qələbə olmur:  “Tarixi Zəfərimizi   3 mindən artıq  şəhidimizin qanı ilə, qazilərimizin və digər cəsur döyüşçülərimizin şücaətləri ilə qazandıq.  Bu baxımdan Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü,  İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Zəfər və Anım günlərinin təsis edilməsi daim bizə diktə edir ki, xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Zəfəri bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu Zəfərin  Sərkərdəsi isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz cəsur Sərkərdə, Ali Baş Komandanın  çağırışları, dönməz qətiyyəti, tarixi Zəfərə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı. Prezident İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi”.

Vüqar Rəhimzadə  bu məqamı da xüsusi qeyd edib ki, bu gün Ümummilli Liderin və  şəhidlərimizin ruhları şad­dır: “İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Prezident İlham Əliyev Şuşa azad olunanda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini böyük qürurla vurğuladı. Həmin gün Prezidentimizin Şəhidlər xiyabanın­dan Azərbaycan xalqına müraciəti şəhidlərin ruhuna ehtiramın, onların qanları, canları ilə tarix yazmalarına verilən yüksək dəyərin ifadəsi  idi. Ümumiyyətlə,   44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir qələbə səhifəsi yazdı.  Torpaqlarımızın işğaldan  azad edilməsi  yolunda canlarından keçən  oğullarımız ən yüksək zirvəyə- şəhidlik zirvəsinə yüksəldilər. Dövlət başçısı İlham Əliyev daim xalqa müraciətlərində qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək  müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını xüsusi qeyd edərək bildirdi ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər.  “Birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir” söyləyən Ali Baş Komandan onu da bildirdi ki,  gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Azərbaycan  regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyinin müəllifi kimi çıxış edir: «İki ildə qeyd olunan istiqamətlərdə atılan addımlar Azərbaycanın iqtisadi və siyasi mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. İlk dəfə olaraq dünya hərb tarixində bel bir hal yaşandı ki,  müharibədən çıxan ölkə dərhal bərpa-quruculuq işlərinə başladı.  Dövlət başçısı  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər mühüm tarixi məqamlarla yadda qaldı.  Azərbaycan oğullarını Şuşaya qovuşduran, dastana çevrilən Şuşa əməliyyatının keçirilməsinə şahidlik edən Füzuli-Şuşa avtomobil yolunun - dövlət başçısı İlham Əliyevin Zəfər yolu adlandırdığı yolun  tikintisi ilə bağlı göstərişlər verildi.  Ümumilikdə postmüharibə dövrünün ilk günlərindən infrastruktur  layihələrinin icrası prioritet məsələ kimi öndə oldu. Bugünümüzün reallıqları sırasında təkcə bu faktı qeyd etmək kifayətdir ki, artıq Azərbaycan Qarabağdan və Şərqi Zəngəzurdan hava qapılarını  dünyaya açır.  Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanının isə yaxın günlərdə işə düşməsi nəzərdə tutulur. Artıq Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib. Hər gün  beynəlxalq əhəmiyyətli tədbirlərə, eyni zamanda, bu və ya digər sahələri əhatə edən sənədlərin imzalanmasına şahidlik edən Şuşa çal-çağırlı günlərini yaşayır. Mədəniyyət paytaxtımız  bu il dünyanın  enerji tərəfdaşlarını, o cümlədən dünya azərbaycanlılarını bir araya gətirdi. İki ildə istər bərpa-quruculuq  sahəsində, istərsə də ənənəvi tədbirlərə yenidən start verilməsi baxımından işğaldan azad edilmiş  ərazilərimiz özünün sevincli günlərini yaşayır. Artıq işğaldan azad edilən torpaqlara  Böyük Qayıdışın da ilk addımı atıldı. Bu il Zəngilanın  Ağalı kəndi sakinlərini qarşıladı.  İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin  miqyası, müasir tələblərə tam cavab verməsi bir daha bu reallığı təsdiqləyir ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməklə təkcə Azərbaycanın deyil, dünyanın ən  diqqəti çəkən diyarları  olacaq.   Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən düzgün qurulan və gələcəyə hesablanmış  siyasətdir”.