"Ermənistan müstəqil dövlətlərin əməkdaşlığını əsas gətirən 1991-ci il 8 dekabr tarixli müqavilə əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır". 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüş sonrası deyib.

"Ermənistanla Azərbaycan arasında dəqiq sərhəd olmadığı, sərhədin demarkasiyası və delimitasiyası aparılmadığına dair fərziyyələrin reallıqla heç bir əlaqəsi yoxdur. Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlər iki ölkənin müstəqilliyinin ilk aylarında dövlət sərhədlərinə çevrildi, belə ki, həm Ermənistan, həm də Azərbaycan 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər arasında əməkdaşlığın qurulması haqqında sazişi imzalayıb ratifikasiya etdilər.  Üstəlik, hər iki ölkə indiyədək MDB-nin üzvüdür", - Ermənistan rəhbəri bildirib. 

Paşinyanın fikrincə, uzunmüddətli həll yolları üçün 1991-ci il 8 dekabr tarixli razılaşma ilə yenidən təsdiq edilmiş sərhədlərin qarşılıqlı tanınması ilə Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamaq lazımdır.

Ağarza Elçinoğlu