Tanınmış jurnalist  Hafiz Məzahir oğlu Hüseynxanlı ömrünün 77-ci ilində uzun xəstəlikdən sonra dünyasını dəyişib.
 

Bu barədə "Unikal"a Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisindən məlumat verilib.
Mərhum ömrünün 60 ildən coxunu jurnalistikaya həsr etmişdi.

Orta məktəb illərindən Beyləqan rayonunda nəşr olunan rayonlararası “Yüksəliş” qəzeti ilə əməkdaşlıq edən həmkarımız BDU-nun Jurnalistika fakültəsində təhsil almışdı.

O, təhsil aldığı illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində işləməyə başlayıb. Uşaq və gənclər mətbuatı Hafiz müəllimin qələminin püxtələşməsində, imzasının respublika miqyasında tanınmasında böyük rol oynayıb. Hərbi xidmət zamanı isə "Ordu" qəzeti ilə əməkaşlıq edib. 
Sonrakı illərdə Dövlət Teleradiosunda xüsusi müxbir, “Azərbaycanfilm” Kinostudiyasında  redakor və film direktoru, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor, Cəbrayıl rayonunda çıxan “Xudafərin” qəzetində baş redaktor, “Novruz” qəzetində baş redaktor müavini, AZƏRTAC-da redaktor, “Həmrəylik” qəzetində baş redaktor, İqtisadiyyat Nazirliyində mətbuat katibi vəzifələrində çalışan Hafiz müəllimin zəngin bioqrafiyası jurnalistlik fəaliyyətinin əksər sahələrini əhatə edirdi.

“Hafiz Hüseynxanlı hər yerdə vicdanla çalışmışdı, ümummilli maraqlara xidmət göstərmişdi. Çeşidli kollektivlərdə çoxlu dostlar qazanmışdı, cəmiyyətdə tanıtdıqlarının və onu tanıyıb hörmətini saxlayanların sayı- hesabı yox idi. Bilik və bacarığı, zirəkliyi, təmənnasızlığı, cəfakeşliyi, dost-yoldaşa  sədaqəti həmişə  və hər  yerdə ona böyük nüfuz, başucalığı qzandırmışdı”,- deyə Ahıl Jurnalistlər Məclisindən mərhum haqqında bildirilib.

Allah rəhmət eləsin.