Dekabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş sayca II zona müşavirəsi keçirilib.

"Unikal" xəbər verir ki, müşavirə iştirakçıları tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə Lənkəran şəhəri, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı və Biləsuvar rayonlarını əhatə edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edərək bildirib ki, müşavirənin keçirilməsində məqsəd torpaqların və dövlət əmlakının idarəedilməsi, istifadəyə verilməsi və onların mühafizəsi istiqamətlərində Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyəti barədə rayonların icra hakimiyyətlərinə, digər dövlət qurumlarına və bələdiyyələrə məlumatların verilməsi, mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsidir. Onun sözlərinə görə, dövlət əmlakının qorunması, dövlət torpaqlarından istifadə və onların mühafizəsinə nəzarət, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, elektron  baza xəritələrinin işlənməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səpkili müşavirələrin keçirilməsi xüsusi önəm kəsb edir. 

Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, torpaq istifadəçiliyinin nizama salınması ilə bağlı Xidmətlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət  qurumları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulması günün tələbidir. Həmçinin, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi zəruridir.

Sonda müşavirədə qeyd olunanlarla bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə edilib.