Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Diplomatik nümayəndəlikdən "Unikal"a bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Həmçinin, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib. Bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17