“Qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmamasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”. 

"Unikal" xəbər verir ki, bunu bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin Məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun. Hesabatdan da göründüyü kimi, bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri mümkündür”.

V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür, problem davam edir və bundan sonra da davam edəcək. Nə qədər inflyasiya olsa da, əsas məsələ süni qiymət artımı ilə bağlıdır. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”.

Deputat həmçinin, bank faizlərinin yüksək olması məsələsinə də toxunub: “Bu da sahibkarlar üçün ciddi problemlər yaradır. Bağlanan kifayət qədər bank oldu ki, insanların orada çoxlu əmanətləri qalıb. Əmanətlərin qaytarılmasında da ciddi problemlər var. Vaxtı keçmiş kreditlərin qaytarılması məsələsini həll etməyi də Mərkəzi Banka tövsiyə edirəm”.

Anar Kəlbiyev