“Milli Məclisin deputatının statusu haqqında” qanunun 12-1 maddəsində (Deputatın təhlükəsizliyi) bildirilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Belə ki, deputatın öz səlahiyyətlərini icra etdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunaraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

Deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilir. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

Millət vəkili Fəzail Ağamalı bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, qanunda belə bir tələb var:

"Etiraf etməliyik ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizdə sabitliyin qorunub saxlanılmasında kifayət qədər fədakarlıq göstərərək onu təmin edib. Bu baxımdan, millət vəkillərinə silah gəzdirməklə bağlı ehtiyac duyulmayıb. Bildiyim qədəri ilə millət vəkilləri də silah gəzdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət etməyiblər".

F.Ağamalı deputat həmkarı Fazil Mustafaya qarşı törədilən xain silahlı hücumla bağlı bildirib ki, bu, Azərbaycanı istəməyən qüvvələrin məkrli niyyətidir. Onun  sözlərinə görə, peşəkar hüquq-mühafizə orqanlarımız lazımi addımları atacaq:

"Hansısa millət vəkili düşünürsə tapança gəzdirməklə özünün təhlükəsizliyini tam təmin edəcək, buna o qədər də ciddi yanaşmıram. Ona görə ki, bu cür məkrli planı olan qüvvələr istənilən şəxsi həyatdan məhrum etmək üçün elə planlar həyata keçirirlər ki, millət vəkilinin yanında gəzdirmiş olduğu tapança onun həyatını xilas etmək imkanına malik deyil".

Anar Kəlbiyev