Ölkəmizdə səfərdə olan Belarus Respublikasının təhsil nazirinin müavini Aleksandr Kadlubay Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyevanın müşayiəti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olub.

"Unikal" xəbər verir ki, belaruslu qonaq əvvəlcə Akademiyanın Elmi-tədris laboratoriyası və Multimedia mərkəzi ilə tanış olub, ona hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Daha sonra nazir müavininin Akademiyanın rektoru Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə ilə görüşü baş tutub.

Görüş zamanı rektor Fuad Hacıyev Belarus Respublikası ilə ölkəmiz arasındakı sıx ələqələrdən, mövcud əməkdaşlığı daha da inkişaf etdirmək potensialından, Belarus Bədən Tərbiyəsi və İdman İnstitutu ilə ASAPES arasındakı doktorantura mübadiləsindən danışıb. Akademiyanın prorektoru Təhminə Tağı-zadə isə qonağa Akademiyada görülən işlər, idman tibbinin və qış idman növlərinin inkişafı ilə bağlı nəzərdə tutulan planlar barədə məlumat verib.

Belarus Respublikasının təhsil nazirinin müavini Aleksandr Kadlubay ASAPES-də gördüklərindən məmnunluğunu bildirərək ölkəsində həyata keçirilən mövcud idman siyasətindən danışıb və Akademiya rəhbərliyini Belarus idman institutları ilə daha sıx əməkdaşlığa dəvət edib.