"28 may tarixini xalqımız ikiqat bayram etdi. Müstəqillik tarixinin 105-ci ilini arxada qoyan xalqımız qardaş, dost, müttəfiq ölkədə -Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsini böyük coşğu ilə qeyd edir. Dünyaya səs salan, sarsılmazlığı, əbədiliyi ilə nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı bu seçkilərin nəticəsinin- Rəcəb Tayyib Ərdoğanın Zəfərinin böyük sevinc hissi ilə qeyd edilməsində də özünün təsdiqini tapır".

"Unikal" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu qələbə münasibətilə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz dövlət başçısı İlham Əliyev oldu:

"Ölkə Prezidenti türkiyəli həmkarını ilk olaraq Azərbaycana səfərə dəvət etdi. Bu, dostluğun, qardaşlığın əsl nümunəsidir. Artıq  hər kəs üçün dillər əzbəri olan, böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin   “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlətik” tezislərinin  davamı olaraq dövlət başçısı İlham Əliyevin  İstanbulda  keçirilən “TEXNOFEST” festivalında  “Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.  Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” çağırışı iki qardaş ölkənin münasibətlərinin hazırkı səviyyəsinin təqdimatı oldu".

V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin  Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında da  geniş yer verilərək manşetdə  “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” fikirlərinin qeyd olunması xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır:

"Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərin nəticələrinin açıqlanmasından sonra İstanbulda xalqa müraciətində də ilk təbrikin məhz Azərbaycan Prezidenti İlham Əliyevdən gəlməsini böyük qürur hissi ilə qeyd etməsini  qardaşlıq nümunəsindən yaranan sevincin paylaşması kimi də dəyərləndirə bilərik. Dövlət başçısı İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə Rəcəb Tayyib Ərdoğana telefon zəngində bir daha bu reallıqlara diqqəti yönəltdi ki, bu qələbə Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimaddır. Bu əminlik ifadə edildi ki,  Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcək".

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib:

"Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Prezident  Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut etdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu əminliyi də ifadə edir ki,  Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək".

Vüqar Rəhimzadə qeyd edib ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə əsl qardaşlıq nümunəsidir. Yaxın zamanlarda imzalanmasının ikinci ilini qeyd edəcəyimiz Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir.  Bu birliyin  yüksələn xətlə inkişafında dövlətlərarası münasibətlərlə bərabər, liderlərin şəxsi nüfuzu, bir-birlərinə dost, qardaş münasibətləri, xalqlarımızın bir ailə kimi birliyi əhəmiyyətli rol oynayır. Rəcəb Tayyib Ərdoğan zəfəri ilə iki qardaş ölkənin  münasibətlərinin  daha da möhkəmlənməsini təmin edəcək. Azərbaycan-Türkiyə birliyi  əbədidir, sarsılmazdır və bundan sonra da dünyaya nümunə olacaq.