28 may 2023-cü ildə Türkiyə Cumhuriyyətində keçirilən Prezident seçkilərinin ikinci turunu izləmək üçün Xarici İşlər Nazirliyinin dəvətilə Türkiyədə olan Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası yekun mətbuat konfransı keçirərək seçki prosesində apardıqları müşahidələrlə bağlı məlumatı media nümayəndələri ilə bölüşüblər.

"Unikal" xəbər verir ki, mətbuat konfransında TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Missiyanın üzvləri deputat Anar Məmmədov, Qazaxstan və Qırğızıstan parlamentinin üzvləri iştirak ediblər.

TÜRKPA Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mətbuat konfransını açaraq bildirib ki, TÜRKPA Seçki Müşahidə Missiyası 11 may 2023-cü il tarixində Türkiyədə vəzifəsinə başlayıb və işlərini 15 may 2023-cü ilə qədər aparıb.

"İkinci turda isə 26 may 2023-cü ildən Seçki Müşahidə Missiyası Ali Seçki Şurasının rəhbərliyi, Seçki komissiyasının rəsmiləri ilə görüşüb, bu görüşlərdə seçki məntəqlərinin fəaliyyəti, seçici və namizədlərin qeydiyyatı, seçki hazırlıqları haqqında detallı məlumatlar əldə edib. Eyni zamanda Müşahidə Missiyamız seçki günü müxtəlif seçki məntəqələrini ziyarət edərək, seçki qutularının açılmasından səslərin sayılmasına qədər olan bütün prosesləri müşahidə edib. Missiya üzvləri səsvermənin gedişini izləyib və yerlərdə seçki məntəqələrinin rəsmiləri, yerli müşahidəçilərlə görüşüblər. Müşhaidə etdiyimiz məntəqələrdə səsvermə prosesi sakit və demokratik şəraitdə keçib. Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirib. Səsvermə prosesi mütəşəkkil və nizamlı şəkildə təşkil olunub. TÜRKPA Missiyası Türkiyə Cumhuriyyətində keçirilən seçkilərin beynəlxalq müşahidəsi üçün nəzərdə tutulmuş hüquqi və logistik şəraiti yüksək qiymətləndirir. Beləliklə, Türk Dövlətləri Parlamentləri Assambleyasının (TÜRKPA) Seçki Müşahidə Missiyası Türkiyə Cumhuriyyətində 28 may 2023-cü ildə keçirilmiş prezident seçkilərinin 2-ci turunu Türkiyə Cumhuriyyətinin milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib. Demokratik və şəffaf keçirilən seçki prosesinin nəticəsi olaraq "Cumhur İttifaqı"nın namizəfi cənab Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə yenidən Türkiyə Respublikasının prezidenti seçilib. Cənab Ərdoğanı və Türk xalqını təbrik edirik", - deyə Əhliman Əmiraslanov vurğulayıb.