NATO Müttəfiq Qüvvələri Komandanlığı Kosovo Qüvvələrinə (KFOR) dəstək olaraq ora əlavə çoxmillətli batalyon göndərəcəyini bildirib.

"Unikal" xəbər verir ki, Komandanlığın bəyanatında deyilir: “Son iğtişaşlar və 30 KFOR döyüşçünün yaralanması ilə əlaqədar NATO Qərbi Balkanlarda operativ ehtiyat qüvvələrinin yerləşdirilməsi barədə əmr verib”.

Həmçinin qeyd edilir ki, daha bir çoxmillətli batalyona ehtiyac yaranarsa, mövcud bölmələrin gücləndirilməsi məqsədilə hazırlığın artırılması əmri verilib.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri  Xosep Borrel  bildirib ki, qarşıdurmanın davam edəcəyi və vəziyyətin normallaşmasına mane olacağı təqdirdə Avropa İttifaqının Serbiya və Kosovo tərəfindən tədbirlər görəcəyini istisna etmir.

Mayın 29-da minlərlə kosovo serbi vilayətin şimalında yerli hökumət binaları qarşısına toplaşaraq polisin geri çəkilməsini və Kosovo alban merlərinin geri çağırılmasını tələb ediblər. NATO-nun KFOR hərbi kontingentləri Zveçan, Leposaviç və Zubin Potok bələdiyyələrinin binalarına göndərilib. Sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.