ABŞ İsveçin NATO-ya daxil olması üçün Türkiyənin F-16 tədarükünü şərt kimi qoymur. ABŞ Konqresinin bəzi üzvləri F-16 qırıcılarının Türkiyəyə çatdırılmasını Ankaranın İsveçin NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiyası ilə əlaqələndirirlər.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ-nin dövlət katibi Entoni Blinken İsveçin baş naziri Ulf Kristerssonla Lulea şəhərində keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz, ABŞ Prezidenti Co Baydenin administrasiyası, bu iki məsələni bir-biri ilə əlaqələndirmirik, lakin Konqresin bəzi üzvləri bunu əlaqələndirirlər. Onlar F-16 məsələsindəki irəliləyişləri İsveçin NATO-ya daxil olması ilə bağlayırlar. Konqres bərabərhüquqlu və müstəqildir, səlahiyyətli orqandır və onun səsi bu cür qərarların verilməsində təbii ki, kritikdir. Amma bizim nöqteyi-nəzərimizdə bu iki məsələnin ən qısa zamanda irəliləməsi lazımdır”, - deyə Blinken qeyd edib.