"Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var. Xüsusən, ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, məmurun bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır: "Bəzən məni qınayırlar ki, niyə ölkədə azad biznes mühiti yoxdur deyirsən. Kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun cəhənnəm əzabları başlayır. Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar. Bu gün vergi güzəştləri lazım deyil, hamısı ləğv olunsun. Vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır. Biznes mühitində dəyər yaratmağa çalışdıq. Deyim ki, artıq bəzi şəxslər o dəyərlərdən uzaq düşüblər. Bəzi insanlar, hətta qurumlar və onların başında, yanında dayananlar inkişafa yox, geriyə dartırlar və adını da islahat qoyurlar. Hər kəsin gözü önündə birinə bütün şərait yaradılır, ondan 10 metr kənarda olana cəhənnəm əzabı yaşadılır, məgər buna islahat adı vermək olar? Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları birbaşa icra edənlər düzgün icra etsəydi, ölkə gül-çiçək olardı. MDB məkanında, bütün regionda sahibkarlığın inkişafı üçün Prezident İlham Əliyev qədər addımlar atan, fərman və sərancam verən, konkret məqamlar üzrə sərt addımlar atan ikinci lider yoxdur. Bəs nədir problem?  Çox gözəl bilirəm haradadır. Amma gərək mənim də zəmanətim ola ki, məsələləri bir-bir çılpaqlığı ilə sadalayam. Olmasa belə uyğun məqam olan zaman bunu etmək fikrindəyəm. Dəqiq görə bilmirəm, bəlkə də elə burada da oturan qonaqlar arasında o gül-çiçəyin yerinə tikan əkənlər var, özü də qorxmadan, çəkinmədən, laqeydcəsinə".

Spiker Sahibə Qafarova deputatın çıxışına cavab olaraq bildirib ki, siz danışdıqlarınızın arxasında faktlar varsa, xahiş edirəm, həmin faktları təqdim edin:

"Tək burada səsləndirməklə deyil", - deyə MM sədri vurğulayıb.

Anar Kəlbiyev