“İctimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbə yaxın ərazilərdə siqaret satışının qadağan edilməsi və s. məsələlərlə əlaqəli qanunun icrası ilə bağlı heç bir ciddi addımlar atılmayıb”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat eyni zamanda şəhid ailələləri və qazilərin iş və mənzillə təminatı məsələsinə də toxunub: "Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi hələ də problem kimi qalmaqdadır. Yaxşı olar ki, hər il hesabat kimi nə qədər qazi və şəhid ailəsi işlə təmin olunduğu hesabatda açıqlansın. Hesabatda nə qədər şəhid ailəsi və qazinin işlə təmin olunmadığı da göstərilməlidir. Digər tərəfdən, qazi adının alınmasında, qazilərin dərman təminatında problemlər var. Bu ailələrlə bağlı məsələlərə individiual yanaşılmalıdır. Bu yaxınlarda kəlbəcərli şəhid həkimin ailə üzvü mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildiriblər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Bir kəlbəcərli kimi ata yurdundan onlara ev düşür, amma onların qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.

Anar Kəlbiyev