Yerlərdə insanlarla birbaşa açıq dialoqun qurulması, vətəndaşların qayğı və problemlərinin dinlənilməsi məqsədilə iyunun 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi zərurətini yaradır. İcra başçısı ötən səyyar qəbul zamanı qaldırılan məsələlərin həlli vəziyyətilə bağlı yerli sakinlərə məlumat verib. Bildirilib ki, yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacaq və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcək. Taleh Qaraşov vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. 

Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə  dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.