İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycana müraciət edib. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN rəhbəri bildirib: "İran tərəfi diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bizə bir neçə müraciət göndərib".

Nazir qeyd edib ki, səfirliyin fəaliyyətinin bərpası və diplomatik nümayəndəliyə hücumun hallarının araşdırılması məsələləri bir-biri ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi hücuma görə məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılacağına tam əmin olmalıdır.

"Bütün müvafiq təminatlar Azərbaycan tərəfinə sözdə deyil, əməldə verilməlidir", - Bayramov əlavə edib.

Eyni zamanda o vurğulayıb ki, hazırda İran tərəfi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı araşdırmanı davam etdirir.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış terrorçu diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən sıfirliyin daha iki əməkdaşı yaralanıb.