Quba rayon Buduq kənd sakini, Vətən müharibəsi qazisi Ağalar Adayev ona bələdiyyə tərəfindən təsərrüfat üçün torpaq sahəsi ayrılmamasından şikayətçidir.

O, “Unikal”a müraciət edərək bildirib ki, kəndin bələdiyyə sədri bu işlərə mane olur:

“Mən Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmişəm. Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canımı qoymuşam və qazi olmuşam.

Şikayətim ondan ibarətdir ki, bizə öz xırda təsərrüfatımızı saxlamaq üçün kənddə yer verilmir. Bizim kəndin icra nümayəndəsi və bələdiyyə sədri iki qardaşdırlar. Xüsusilə də bu işlər onun səlahiyyətləri çərçivəsində olduğuna görə bələdiyəy sədri təsərrüfatımız üçün yer verilməsinə imkan vermir, hegemonluq edir. 

Necə ola bilər ki, mən gedim Vətən uğrunda canımı ortaya qoyum, amma müharibədən qayıdandan sonra mənə təsərrüfatımı saxlamaq üçün xırda bir yer verilməsin? Bu, haqsızlıqdır”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı Buduq kəndinin bələdiyyə sədri Vaqif Həsənovla əlaqə saxladıq və onun da mövqeyini öyrəndik. V. Həsənov bildirdi ki, sözügedən məsələ ilə bağlı prosedur davam edir:

"Təsərrüfat sahəsinin ayrılması üçün sənədləri Əmlak Məsələləri Dövlət Xidməti göndərmişik. Onlar təsdiq edib çıxarışı geri göndərəcəklər. Hələ ki, bu məsələ yubanır".

Murad İbrahimli