5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.

"Unikal" xəbər verir  ki, Su təsərrüfatı və meliorasiya işçiləri günü Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Yasamal” Parkında gənc rəssamların Ümumilli Lider Heydər Əliyevin Su təsərrüfatına qayğısını özündə əks etdirən mövzuda rəsm və foto-sərgi təşkil edib. Sərgidə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, suya qənaət və sudan səmərəli istifadəni təbliğ edən əsərlər nümayiş etdirilib. Sərgiyə baxış keçirən Agentliyin rəhbərliyi gənc rəssamlara yaradıcılıq uğurları arzulayıb.