Millət vəkili Novruz Aslanov iyun ayının 8-də İsmayıllı rayonunun Balik və Quşencə kəndlərinə səfər edərək seçicilərin səyyar qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, öncə Balik kəndində sakinlərin qəbulu təşkil edilib və yaxınlıqda yerləşən Gəraybəyli kənd sakinləri də qəbulda iştirak ediblər. Qəbulda qaldırılan məsələ əsasən Balik kəndinin mavi qaz məsələsi olub. Quşencə kəndində keçirilən qəbulda isə əsas məsələ içməli su ilə bağlı olub. Bu məsələlərlə yanaşı sosial yönümlü müraciətlər də çoxluq təşkil edib, həmçinin şəxsi məişət problemləri də bu sıradan olub. Digər mövzular ətrafında müzakirələr aparılıb. Bəzi məsələlər operativ surətdə yerində həllini tapıb. 

Müvafiq qurumlara aid olan  məsələlər qeydiyyata alınaraq həlli istiqamətində aidiyyəti orqanlara müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb.

Məlumat üçün bildirək ki, millət vəkili Novruz Aslanov yay aylarında hava şəraitinin əlverişli olmasını nəzərə alaraq, əsasən İsmayıllı rayonunun kəndlərində səyyar qəbullar keçirir. Bura ucqar dağ kəndləri də aiddir.