Xerson vilayətində Kaxovka su elektrik stansiyasının partlaması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo özünün "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, Kaxovka su elektrik stansiyasının dağıdılmasından sonra ətrafa su sızması nəticəsində 7 nəfər ölüb. Saldo əlavə edib ki, bölgədəki tibb müəssisələrində 62 yaralı var. 

"Zərər çəkmiş ərazilərdən 62 nəfər 15 kilometrlik zonadan kənarda yerləşən tibb müəssisələrinə yerləşdirilib. Həkimlər onlara lazım olan bütün müalicələri göstərirlər. Təəssüf ki, 7 nəfər ölüb. Stansiyanın partlamasından sonra bölgəyə dəymiş ziyan ən azı 1,5 milyard rubl qiymətləndirilir", - Saldo yazıb.

Bildirilib ki, təsirə məruz qalan ərazilərdən 5 min nəfər təxliyə edilib, minə yaxın insan isə müvəqqəti məskunlaşma mərkəzlərindədir: "Suyun səviyyəsinin qalxmasının əsas zirvəsi keçib, lakin Aleşkinski və Qolopristansky bələdiyyə rayonlarının böyük əraziləri su altında qalıb".