Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 

"Unikal" xəbər verir ki, ilkin məlumata əsasən, onaltımərtəbəli yaşayış binasında şaxta boyunca 30p.m elektrik naqilləri yanıb. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzillər yanğından mühafizə olunub. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən 15-i azyaşlı olmaqla 50 nəfər bina sakini təxliyə olunub.

*** 21:54

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

*** 21:38

Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın balşayıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, artıq Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişmədə, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.