Bakıda illər öncə 12 yaşında qaçırılan Ülkər adlı qadın keçmiş həyat yoldaşı Oqtay Ələkbər oğlu Hüseynovdan şikayətçidir. O, 4 ildir övladının ondan alındığını söyləyib. 

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalist Nuranə Gülərə danışıb. 

Bildirib ki, atasız böyüyüb və anasının məsləhəti ilə 12 yaşında tanımadığı şəxslə sözlənib. "Həri" mərasimindən 4 ay sonra paltar almaq adı ilə keçmiş həyat yoldaşı onu Biləsuvar rayonuna qaçırıb:

"Xəzər rayon Türkan qəsəbəsinin 119 saylı məktəbində təhsil alırdım. Bir gün dərsdən qayıdanda bu şəxsin bizə elçi gəldiyini gördüm. Atam olmadığı üçün anam məni 12 yaşımda, özümdən 10 yaş böyük biri ilə söz kəsir. Məni paltar almaq adı ilə aldadıb qaçırdı. Biləsuvara gətirəndə anası və atası ona dedi ki, haradan götürmüsənsə, apar qaytar yerinə. Oğlan cavab verdi ki, daha gətirmişəm və aparmayacağam. Sonra oğlan toyu oldu. Toydan 4-5 ay sonra hamilə oldum. Övladım Biləsuvar rayon Xəstəxanasında 8 aylığında doğuldu.  Mənə deyilmişdi ki, həkimlər təvəllüdümü soruşsa 1995-ci il olduğumu deyim. Belə də etdim.  Məni qayınatam da, qayınanam da döyüblər. Artıq 4 ildir ki, keçmiş həyat yoldaşım övladımı məndən alıb, göstərmir”, - deyə 12 yaşında qaçırılan Ülkər bildirib.