"Nestle Azərbaycan" MMC barəsində gömrük  qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

“Unikal”ın məlumatına görə, iş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatındadır.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci  maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

"Nestle Azərbaycan" MMC-nin qanuni təmsilçisi Marat Larullindir. Şirkətin nizamnamə kapitalı 200.000 ABŞ dolları təşkil edir.

"Nestle-Azərbaycan" şirkəti Azərbaycan bazarını NESCAFE ticarət nişanı altında qəhvə və qəhvəyi içkiləri, NESQUIK kakaosu, MAGGI kulinariya məhsulları, uşaqların qidalanması üçün NESTLE və GERBER məhsulları, NESTLE dondurmaları, NESTLE şokolad məmulatları, KIT KAT, NESTLE hazır səhər yeməkləri, ev heyvanları üçün PURINA yemləri və digər məhsulların geniş çeşidilə təmin edir.

Azər İsrafilov