Londonda iki Britaniya vətəndaşı Rusiya kəşfiyyat xidmətlərinə kömək etməkdə və casusluqda ittiham olunur.

"Unikal" xəbər verir ki, həmin şəxslər Ukrayna ilə əlaqəli biznesə hücumda şübhəli bilinib.

Ötən ay Londonun şərqindəki anbarda baş verən yanğından sonra Dilan Erl və Ceyk Rivs barəsində araşdırma başladılıb. Dilan Erl biznesi hədəfəalma planına nəzarət etməkdə, həmçinin xarici kəşfiyyat xidmətinə yardım üçün şəxslər cəlb etməyə cəhddə, saxtakarlıq və yanğın törətməkdə ittiham olunur. Ceyk Rivs də pul müqabilində Rusiya kəşfiyyat xidmətinə kömək göstərməkdə təqsirli bilinir.

Yanğınla əlaqəsi olan daha üç şübhəli şəxs digər ittihamlarla saxlanılıb.

İstintaq Britaniya polisinin terrorla mübarizə bölməsinin əməkdaşları tərəfindən aparılır. İttiham olunan şəxslər mayın 10-da hakim qarşısına çıxarılacaq.