İstanbulun Taksim meydanında 1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar tətbiq edilən qadağalara məhəl qoymayaraq polis əməkdaşlarına hücum edən 210 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Nazir bildirib ki, aralarında bəzi siyasi partiya və həmkarlar ittifaqı üzvlərinin də olduğu qruplar tətbiq olunan qadağalara məhəl qoymayaraq şəhərin müxtəlif nöqtələrindən Taksim meydanına yürüş etməyə cəhd göstəriblər. Qrup üzvləri bu cəhdin qarşısını alan polis əməkdaşlarına daş və bayraq çubuqları ilə hücum ediblər. İnsident nəticəsində xəsarət alan 28 polis əməkdaşı xəstəxanalara yerləşdirilib.

Qeyd edilib ki, 1 May münasibətilə şəhərdə təşkil edilən tədbirlərin təhlükəsizliyinin qorunması məqsədilə bu gün İstanbulda 42 min 434 polis əməkdaşı xidmət göstərib.

*** 16:24

Türkiyə polisi İstanbulun müxtəlif yerlərində 1 May nümayişləri zamanı 205 nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Polisin etirazçılara qarşı bibər qazı və rezin güllələrdən istifadə etdiyi iddia edilir. Məlumata görə, aksiyada kommunistlər də daxil olmaqla partiya və həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

***15:29

İstanbul polisi Taksim meydanı yaxınlığında 140-dan çox adamı saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, Türkiyə hökuməti Taksimdə həmkarlar ittifaqları və siyasi partiya nümayəndələrinin 1 May nümayişlərini qadağan edib, meydanı hasarlarla bağlayıb və perimetr boyu gücləndirilmiş təhlükəsizlik qüvvələrini yerləşdirib. Qeyd olunur ki, ümumilikdə 70-ə yaxın küçə və meydana gedən yollar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Taksimdə dinc yürüşün qarantı olmaq istəyən Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl şəhər rəhbərliyinin 1 Mayın qeyd olunmasını qadağan etdiyini, bununla da qanunu və Konstitusiyanın qərarını pozduğunu bildirib.

Gülayə Mecid