Ətraf mühitin mühafizəsi fəalı Qreta Tunberq Stokholm Rayon Məhkəməsinin qərarı ilə digər iştirakçılarla birlikdə parlamentin girişini bağladığı iqlim aksiyasına görə 6 min kron (550 dollar) cərimələnib. 

“Unikal” xəbər verir ki, bu barədə TT agentliyi məlumat yayıb.
Tunberq ona qarşı irəli sürülən ittihamları rədd edib.

Xatırladaq ki, mart ayında Stokholm polisi iqlim aksiyası üçün toplaşan və iki gün dalbadal parlamentin girişini bağlayan ekoloji fəalı və bir neçə başqa adamı zorla uzaqlaşdırıb. Fəallar binanın yaxınlığında əyləşərək oranı tərk etməkdən imtina ediblər.

Fəal qrup bəyanat yayaraq, nümayişin “İqlim fəlakətləri, müharibələr və resursların qeyri-bərabər paylanması nəticəsində bu gün insanların öldüyünü və yaralandığını göstərmək üçün” keçirildiyini bildirib. Polisin məlumatına görə, fəallar nümayiş keçirmək üçün icazə almayıblar və ictimai asayiş haqqında qanunu pozublar.