"Bu çəki dərəcəsində qələbə qazanmaq heç də asan olmadı. Bütün görüşləri nailiyyətlə başa vurub, lisenziya əldə etmək böyük uğurdur".

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təcrübəsi sayəsində bu uğura imza atdığını bildirib: "Görüşlərin birində son saniyədə qələbə qazandım. Lakin artıq müəyyən qədər təcrübəm var. Qarşılaşmalar zamanı düşdüyüm situasiyaların fərqində oluram. Vəziyyəti hansı hallarda dəyişə biləcəyimi az-çox təxmin edirəm. Bir neçə dəfə belə hadisənin şahidi olmuşuq. Dünya çempionatında hindistanlı rəqibimin ayaq üstə dura bilmədiyini gördüm və hiss etdim ki, qələbə mənimdir".

O, "Paris-2024"ə hazırlıq üçün tələsmək istəmədiyini söyləyib: "Hazırda bu haqda çox düşünmürəm. Bugünkü uğurumu yaxınlarımla bölüşürəm. Hazırlıq proqramına məşqçilər qərar verəcək. Bakıda gənclər arasında Avropa çempionatı baş tutacaq. Düşünürəm, bu yarışdan sonra təlim-məşq toplanışına start veriləcək. Ümid edirəm ki, bu mənim karyeramın son yarışı olacaq".