Dörd stüardessa Nyu-Yorkdan Dominikan Respublikasına kommersiya reysləri ilə narkotik qaçaqmalçılığına görə ittiham olunub.

"Unikal" xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb. 

Bildirilir ki, stüardessalar - 42 yaşlı Charlie Hernandez, 24 yaşlı Sara Valerio Pujols, 34 yaşlı Emmanuel Torres və 35 yaşlı Yarol Fabio müxtəlif ittihamlarla, o cümlədən lisenziyasız pul köçürmə biznesi ilə məşğul olmaqda həbs ediliblər.

ABŞ-nin Nyu-Yorkun Cənub Bölgəsi Prokurorluğu tərəfindən möhürlənmiş ittihamnamələrə görə, bütün müttəhimlər Nəqliyyat Təhlükəsizliyi İdarəsində “məlum ekipaj üzvü” statusuna malik olublar. 

Bu statusdan istifadə edərək, onlar normal sərnişin yoxlama prosedurlarından keçmədən JFK Beynəlxalq Hava Limanında xüsusi təhlükəsizlik zolağına daxil ola biliblər. Aviaşirkət işçiləri kimi öz imtiyazlarından sui-istifadə edərək bir neçə il ərzində ABŞ-dən Dominikan Respublikasına təxminən 8 milyon dollar “toplu nağd pul” daşıyıblar.

İttihamnamədə bildirilir ki, qaçaqmalçılıq ən azı 2014-cü ildən 2023-cü ilə qədər baş verib.