BakıAğır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman Birliyi adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilənprosesdə Ş.Abdulləliyevin vəkili vəsatətlə çıxış edib.
O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problem var: "Onun barəsində həbs qətimkan tədbirinin əvəzlənməsini istəyirəm. Şamilin hadisə zamanı aldığı 3 güllənin 2-si hələ də bədənindədir. Onun vəziyyəti ağırdır".
T.Bağırov 2 vəsatətlə çıxış edib.
O, F.Qəhrəmanlının günahsız olduğunu və məhkəmədən dərhal azad olunmasını istəyib: "İkincisi,iş matreallarında olan "Hacı Taleh Bağırzadənin müraciəti" adlı kitabçanın sübutlar siyahısından çıxarılmasını istəyirəm".
F.Qəhrəmanlının vəkili Yalçın İmanov da vəsatətlərlə çıxış edib: "Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini, onun dəmir barmaqlıqlar arasından çıxarılıb müdafiəçilərin yanında əyləşdirilməsini, cinayət işinin ayrılıb ibtidai istintaqa qaytarılmasını istəyirəm".
F.Qəhrəmanlı vəsatət münasibət bildirərkən növbəti prosesdə AXCP sədri Əli Kərimlinin və Milli Şuranın sədri Cəmil Həsənlinin məhkəmədə iştirak etməsini istəyib.
N.Kərimli də F.Qəhrəmanlının cinayət işinə xitam verilməsini istəyib.
T.Bağırovun vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustqalığı ilə əvəz edilməsi və ya onun girov müqaviləsində azadlığa buraxılmasını məhkəmədən tələb edib.
Təqsirləndirilən A.Hüseynin vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Hakimlər kollegiyası Y.İmanovun vəsatətlərini təmin etməyib. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.
Məhkəmənin hazırlıq iclası iyulun 22-də davam etdiriləcək.