Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, mehmanxana sistemində nikah şəhadətnaməsinin istənilməsinə lüzum yoxdur. Belə ki, hotel biznesinin beynəlxalq standartlarına uyğun olaraq, eləcə də beynəlxalq hotellər şəbəkəsinə daxil olan və Bakıda fəaliyyət göstərən hotellərdə də belə tələb yoxdur.
Yalnız hotelə gələnin üzərində şəxsiyyətini təsdiq edən sənəd və pasportunun olması vacibdir: "Bu məsələləri həll etmək üçün pasport sisteminin normativləri bütün hotellərə göndərilməlidir. Sovet dönəmində bu, mövcud idi. Yəni normativ sənədlər bütün hotellərə göndərilirdi və onun əsasında qeydiyyat aparılırdı. 90-cı illərdən sonra bir çox məsələlər yaddan çıxdığına görə belə lüzumsuz məsələlər də ortalığa çıxır. Nəticədə də hotellər pis vəziyyətdə qalır. Bunun üçün bir qayda və sərəncam olmalıdır. Həmin sərəncamı da pasport qeydiyyatını aparanlar verməlidir.
"Belə vəziyyətlə üzləşən vətəndaş nə etməlidir? sualını cavablandıran ekspertin fikrincə, həmin vətəndaş hoteldən belə bir müddəanın yer aldığı sənədin göstərilməsini tələb edə və məhkəməyə müraciət edə bilər.
Bizdə ölkədəki hotellərin fəaliyyətini tənzimləyən qanunun olmadığını bildirən hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, yalnız Mülki Məcəllədə əşyaların saxlanması ilə bağlı normalar yer alıb: «Qanunvericilikdə ər və arvada bir otaqda yer verilməsi üçün nikah şəhadətnaməsinin təqdim olunması ilə bağlı hər hansı müddəa yoxdur. Nə qədər ki belə bir norma yoxdur, sənədlərin tələb olunması da qanunun pozulmasıdır.
Hətta qanunvericiliyə görə, qanunda nəzərdə tutulmayan hər hansı bir sənədin verilməsi, tələb olunmayan sənədin istənilməsi inzibati məsuliyyətə səbəb olur. İXM-in 600-cü maddəsində buna görə xəta da nəzərdə tutulub. Yəni «Şəhadətnaməni göstər, otağa keçmək üçün sənə order verək» fikri inzibati xətadır.
Hüquqşünas ölkədə hotel və istirahət mərkəzlərindən əxlaqsızlıq yuvası kimi istifadə hallarının olduğunu istisna etmir: «Bəli, bu cür hallar var. Mehmanxanalar haqqında qanun qəbul edəndə sənəddə belə bir müddəa yer alarsa, hamı ona əməl etməyə borcludur. Qanunvericiliyə görə, insanların hüquq və azadlıqları yalnız qanunvericiliklə məhdudlaşdırıla bilər.
Hüquqşünas hesab edir ki, nikah sənədinin tələb olunması əxlaqsızlığa qarşı mübarizədə çıxış yolu deyil: "Əslində bu, insanların əxlaqsızlığa görə daha çox pul xərcləməsinə şərait yaradacaq. Qadağalar sui-istifadə qaydalarının çoxalmasına səbəb olur.
«Tutaq ki, 22 yaşlı bir gənc öz yaşıdı olan bir xanımla istirahətə getmək istəyir. Onlar bir-birlərini sevirlər. Müəyyən müddətdən sonra evlənməyi planlayıblar. Onlara görüşməyi necə qadağan etmək olar? Əgər belə yanaşılsa, onda istənilən intim münasibət qadağan olunmalıdır - deyən Vəkillər Kollegiyasının üzvü Ceyhun Cəfərli ölkəmizdə qadın və kişinin yaxınlığının inzibati hüquq pozuntusu olmadığını bildirir: "Ölkəmizdə insanların hüquq və azadlıqları Konstitusiyaya görə birbaşa qorunur. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir. Qanunda isə belə bir qadağa yoxdur. Nikah şəhadətnaməsinin istənilməsi insan hüquqlarının məhdudlaşdırılmasıdır.
Qeyd edək ki, hotellərin daxili nizamnaməsində də nikah şəhadətnaməsinin tələb edilməsi ilə bağlı qeyd yoxdur. Əgər qərar onlara tabe olduqları qurumdan verilirsə, ondaMədəniyyət və Turizm Nazirliyindən də bizə: "Nikah şəhadətnaməsi məsələsi hardan çıxdı? Nazir açıqlamasında yalnız pasportun tələb olunmasının vacibliyini qeyd edib- deyə cavab verdilər. Məsələyə "Od olmasa, tüstü də çıxmaz məsəli ilə yanaşmaq istəməsək də, faktlarla səlahiyyətli qurumun açıqlamasının üst-üstə düşməməsi bizi də çaşqın vəziyyətdə qoyur...