İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Unikal.org "Qafqazinfo xəbər verir ki, ilk yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 5 bürünc medalla başa vurub.
46 kq çəkidə mübarizə aparan Əsgər Məmmədəliyev Ukrayna və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Bürünc medal uğrunda güləşçimiz daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Yüksək əzmkarlıq göstərən Əsgər son saniyədə qazandığı xalla hesabı bərabərləşdirərək görüşü qalib başa vurub və çempionatın bürünc medalını qazanıb.
54 kq çəki dərəcəsində yarışan Sabutay Əmişov da bürünc medal uğrunda görüşə haqq qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan güləşçimiz Moldova və Ukrayna təmsilçilərini üstələyib. Ancaq 1/4 finalda Yunanıstan təmsilçisinə uduzub.
Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Sabutay komanda yoldaşı Maqomedqadji Kasumovu da mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Gürcüstan təmsilçisini də üstələyən Sabutay çempionatın bürünc medalına sahib olub.
63 kq çəkidə yarışan Djopua İnal finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Moldova və Ukrayna güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda komanda yoldaşı Qadjimurad Qadjiyevi də məğlub edib. Qadjimurad Qadjiyev isə yarımfinala qədər Rusiya, Almaniya və Türkiyədən olan rəqiblərini üstələyib.
Djopua İnal finalda, Qadjimurad Qadjiyev isə bürünc medal uğrunda görüşə çıxıb. Qadjimurad Qadjiyev bürünc medal qazansa da, finalda uduzan Djopua İnal gümüş medalla kifayətlənib.
76 kq çəkidə mübarizə aparan Rəşad Yusifli ardıcıl olaraq Belarus, Ukrayna, Rusiya və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşan güləşçimiz görüşü məğlub başa vurub və gümüş medala yiyələnib.
100 kq çəkidə yarışan hər iki güləşçimiz yarımfinalda uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Əli Əminzadə yarımfinala qədər Gürcüstan və Yunanıstan, Asxab Həmzətov isə Almaniya və Bolqarıstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Əli Türkiyə, Asxab isə Rusiyadan olan rəqibinə məğlub olub.
Həlledici görüşdə güləşçilərimiz Ermənistan və Rusiyadan olan idmançılarla qarşılaşıb. Hər iki güləşçimiz rəqiblərini məğlub edib və çempionatın bürünc medalına sahib olub.