Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Zaqatalada dini icma və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Zaqatala şəhər Cümə məscidini ziyarət edərək orada namaz qılıb, dualar oxuyub.
Sonra Bakı İslam Universitetinin Zaqatala şöbəsinin konfrans zalında bu təhsil ocağının müəllim və tələbələri, habelə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılandığını bildirib, dindarların və yerli sakinlərin maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
QMİ sədri Allahşükür Paşazadə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan Şeyxülislam hazırda ölkədə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə müşavirədə Zaqatala rayonuna yeni təyin etdiyi qazını ictimaiyyətə təqdim edib. Şeyxülislam həmçinin QMİ-nin yerli nümayəndəliyinə müəyyən mələlərin həlli məqsədilə 10 min manat maddi yardım göstərib.