Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın qızını öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.
Unikal.org bildirir ki, Sabunçu rayon prokurorluğundan sputnik-ə verilən məlumata görə, hadisə ötən gün saat 5 radələrində baş verib. Cinayət Cəfərovların yaşadığı evdə törədilib. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şərflə boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.
Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.
Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.