Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Unikal.org xəbər verir ki, vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 23-də Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, V. Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Bir müddət əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğu Hərbi Prokurorluğun sabiq əməkdaşı Vüqar Məmmədli ilə bağlı yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb. Həmin məlumatda qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V. Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.