Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) "Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbs müddəti artırılıb.
Unikal.org trend-ə istinadən bildirir ki, Binəqədi rayon məhkəməsində adıçəkilən şəxslərin həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə M.Məmmədov, O.Rüstəmov və C.Cəfərovun həbs müddətləri 3 ay uzadılıb. Qərara görə, təqsirləndirilən şəxslərin həbs müddəti avqustun 26-dan noyabrın 26-dək artırılıb.
Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.