Azərbaycan Premyer Liqasının III turunda "İnter" doğma meydanında "Kəpəz"i qəbul edib. Qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:

"Çox danışmaq istəmirəm. Belə oyundan sonra danışmaq çətindir. Komanda heç nədən qol buraxdı. Məni sevindirən komandamızın yüksək səviyyəli oyun sərgiləməsidir. Bu gün qələbə qazanmağa çox yaxın idik. Gələcək oyunlar haqqında düşünməliyik".

- Ebahın ilk hissələrdən meydanda olmamasının səbəbi nə idi?

- Ebahda psixoloji durum yerində deyil. O, bir neçə oyunda fərqlənə bilmir. Hücumçunu qol vurmaq üçün əsəbləşdirmək lazımdır. Düşünürəm ki, bu gün Ebahı əsəbləşdirə bildim və ondan istədiyimi ala bildim.

- Komanda standart vəziyyətlərdən çox əziyyət çəkir. Bunun səbəbi nədir?

- Razıyam. Səhvlərimiz üzərində işləməliyik.

- Dario bu gün sizi çox əsəbləşdirdi. Ona qarşı hansısa tədbir görəcəksiniz?

- Gərək onu evləndirək (gülür). Darionun bugünkü oyunundan razı qaldım. Sadəcə, bir-iki epizodda zəif oynadığı üçün ona iradlarımı bildirdim.