Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edəcək.
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verəcək.
Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışacaqlar.
Sərbəst güləş
86 kq
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.
Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
125 kq
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.
Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.