Unikal.org xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Rio Olimpiadasında ilk qızıl medalımızın da sahibi olan idmançı bu qələbəsindən çox qürur duyduğunu bildirib.
- Nə düşünürsən? Olimpiya çempionu olmaq necə hissdir?
- Hələlik hiss elədiyim sadəcə ayaqlarımın ağrısıdır. İlk döyüşdən ağrıyırdı.
- Hər idmançı döyüşə çıxmamışdan qabaq öz-özünə söz verir ki, mən çempion olacam. Sən necə düşünürdün?
- Mən elə demirəm. Sadəcə çıxıram, bacardığımın ən yaxşısını edirəm. Orda artıq situasiyaya görə dəyişir. Özümə "çıxım mütləq çempion olacam deyə bilmərəm.
- Rəqibin kimliyini biləndən sonra nə hiss etdin?
- Heç nə. Fərqi yox idi. Sadəcə başladım hazırlaşmağa.
- Məsələn, biləndə ki, ilk rəqib kimdi, onda nə düşündün?
- Biz onsuz da hamımız bir-birimizi tanıyırıq. Hətta əlavə nəsə araşdırmağa da gərək yoxdu. İdmandı, biri udur, digəri uduzur.
- Kimə həsr edirsən qələbəni?
- İlk azarkeşimə - anama. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün turnirin fərqi yoxdu, dünya çempionatı, Avropa çempinatı və ya Olimpiada.
- Bayrağımızı ən yüksəkdə görəndə, insanlar "Radik! Radik! qışqıranda nə hiss edirdin?
- Sadəcə qürur duyurdum. O hissləri tam olaraq ifadə etmək olmur.
- Maraqlıdı ki, sən medalı Olimpiadanın sonlarında qazandın... Həm də bu ilk qızılımız idi...
- Hələ Lorenzo da var (boksçu Lorenzo Sotomayor (64 kq) - red.). Ona da uğurlar arzulayıram. Finaldadır, inanıram ki, uğur qazanacaq. Başqa nə deyə bilərəm ki? Qızıl haqqında düşünmürdüm, məqsədim hər-hansı mükafat qazanmaq idi. Ancaq ardıcıl uğurlar gəldi, axırda da Azərbaycanın himnini dinlədik.
- Finaldakı rəqibin çox güclü idi, ancaq sən əla mübarizə apardın...
- Məşqçilərin tapşırıqlarını yerinə yetirdim və uğur qazandım.
- Maraqlıdır ki, döyüş vaxtı məşqçilərin kənardan verdiyi tapşırıqları eşidirsən?
- Ancaq ən yaxınımdakı məşqçini eşidirəm. Zalı isə eşitmirəm.