Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org lent.az-a istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə FHN əməkdaşı Anar Hüseynov, təqsirləndirilən şəxsin qonşusu Knyaz Yusifov, Vahid Əsgərov və Rauf Babayev, F.Hüseynovun qardaşları - Hüseyn Hüseynov, Nuru Hüseynov, ifadə verib.
K.Yusifov ifadəsində V.Əbilhəsənovaya torpaq almaq üçün 18 min manat verdiyini deyib: "2014-cü ildə 3 torpaq sahəsi aldım. Pulu Vəsilə xanımın özünə verdim. Vəsilə xanımın göstərişi ilə Fədai həmin torpaq sahələrini mənə göstərib".
H.Hüseynov qeyd edib ki, hadisə vaxtı səhhəti ilə əlaqədar Türkiyədə olub: "Mən də ümumilikdə 94 min manat pulu Vəsilə xanıma vermişəm. Lakin torpağın yalnız birinin sənədlərini ala bildim".
V.Əsgərov isə bildirib ki, 3 hektar torpaq sahəsi üçün hissə-hissə V.Əbilhəsənovaya 170 min manat pul verib: "Həmin pulları Fədainin yanında Vəsilə xanıma verdim, lakin sənədləri ala bilmədim. Torpaq sahəsini də həmçinin".
Məhkəmə prosesi sentyabrın 2-də davam edəcək.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin bələdiyyə sədrinin tanışı, 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu müəyyənləşib.