Bir neçə gün əvvəl "Qafqazinfoda yayımlanan "Azərbaycanda 50 nəfəri aldatdılar - Şok dələduzluq" başlıqlı məqalədən sonra Daxili İşlər Nazirliyi sözügedən hadisə ilə bağlı əməliyyata başlayıb.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən tədbir nəticəsində məlum olub ki, Beyləqan rayon sakinləri Səməd Bəbirov, qardaşı Yusif və Cabir Nəsirov cinayət əlaqəsinə girərək müxtəlif iş elanı saytlarında özlərindən uydurduqları "Azərqida MMC, "Elit Grand Park firmalarına və "Guess ayaqqabı fabrikinə guya işçi axtarıldığı barədə elanlar yerləşdiriblər.
Dəstə üzvləri həmin elanlarla bağlı müraciət edən vətəndaşlardan əmək sığortası adı altında S.Bəbirovun "Kassam.az elektron pul kisəsi xidmətində qeydiyyatdan keçmiş hesabına müxtəlif məbləğlərdə pul köçürmələrini tələb ediblər.
Pullar hesaba köçürüldükdən sonra adıçəkilən şəxslər pul vəsaitlərini çıxararaq çoxsaylı vətəndaşlara külli miqdarda ziyan vurublar.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, kompüterlər və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dələduzluq hadisəsi ilə üzləşən vətəndaşların şəxsiyyətləri müəyyən edilib və onlar zərərçəkən şəxs qismində Baş İdarəyə dəvət olunublar. Həmin vətəndaşların ərizə və şikayətləri qəbul edilərək istintaq materiallarına əlavə edilib.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.