Bakıda övladı ağır ürək əməıliyyatı keçirən ata həkimin rüşvət istəyərkən videosunu çəkib. Həmin videonu Səhiyyə Nazirliyinə göndərsə də, aldığı cavabdan dəhşətə gəlib.

Unikal.org-un məlumatına görə, şikayətçi Amil Hüseynov Criminal.az saytına müraciətində bildirib ki, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kardiologiya şöbəsinin baş tibb bacısı xəstəxanada qan bazarı açıb. Həmin tibb bacısının hərəkətlərini göstərən video görüntüləri var.


A.Hüseynov deyir ki, oğlu Musa anadan ürək qüsurlu doğulub: ''Təcili ürək əməliyyatının vacib olduğu deyildi. Köməklik üçün Heydər Əliyev Fonduna müraciət etdik. Komissiyanın rəyindən sonra Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yönləndirildik. Mərkəzin kardioloqu Elnur İmanov bizə bildirdi ki, uşağın sol mədəciyində qan dolur, təcili əməliyyat lazımdır. Bundan sonra kardiologiya şöbəsinin müdiri Elnur Həsənovla danışmalı olduq. O, bizdən əməliyyat üçün 4000 manat pul istədi. Həmin məbləğin yox olduğunu desək də, qiymət aşağı salınmadı. Həmin pul ödənildi və 9 ay əvvəl 6 aylıq Musa mərkəzin kardiologiya şöbəsində açıq oval dəliyi diaqnozu ilə əməliyyat olundu''.

Şikayətçi bildirir ki, əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışova dəflərlə onlardan pul istəyib: ''Həyat yoldaşımdan 200 manat qan pulu, 100 manat analizlər üçün pul tələb edib. Qanı qohumlar verdikdə isə 25 manat qanın yoxlanılması, 50 manat isə analizlər üçün alıb. Sevil Abışovanın əməlləri videoya çəkilib. Həmin faktlarla bağlı dövlət qurumlarına, o cümlədən Səhiyyə Nazirliyinə müraciət olunub. Həmin müraciətlərdən 5 ay keçməsinə baxmayaraq, tədbir görülmür.

Səhiyyə Nazirlyinin şikayətimə verdiyi cavab isə çox dəhşətlidir. Nazirlikdən cavab gəlib ki, təqdim etdiyim video görüntülər Konstitutsiyanın 32-ci maddəsinin 3-cü bəndinə zidd şəkildə gizli olaraq çəkildiyindənn həmin tibb işçisinin hərəkətlərin qiymət vermək olmaz. Nazirlik məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edib''.

Məsələ ilə bağlı akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamaq istəsək də, baş tutumadı.

Bakıdakı xəstəxanada rüşvət VİDEOSU - Səhiyyə Nazirliyi isə ''icazəsiz çəkmisən'' deyir...