Bakı-APA. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

BDU-nun mətbuat və informasiya şöbəsindən Unikal.org-a bildirilib ki, bu il ali məktəbə 4798 tələbə qəbul olub. Bu, ötən tədris ili ilə müqayisədə 526 nəfər çoxdur.

4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub.
Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Bu il universitetdə bakalavr pilləsində filologiya istiqaməti üzrə Türk dili və ədəbiyyatı, Fars dili və ədəbiyyatı, magistratura pilləsində isə İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb.
Eyni zamanda bu ildən etibarən BDU-nun Qazax filialına 8 ixisas üzrə tələbə qəbulu aparılıb. Həmin ixtisaslardan Turizm və otelçilik, Ekologiya və Biologiya müəllimliyi yeni ixtisaslardır.