Ermənistanda baş nazir Ovik Abramyanın istefası və onun yerinə Karen Karapetyanın gətirilməsi erməni siyasi analitiklərinin əsas gündəm mövzusudur.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan müxalifəti və müxalif fikirli ekspertlər yeni baş nazirdən yeni bir şey gözləməyin çətin olduğunu bildirirlər. Onlar ölkədə tüğyan edən korrpupsiya və hakimiyyət zorakılığı sistemində bu cür kosmetik dəyişikliklərlə problemlərin həll olunmasının mümkünsüz olduğu qənaətindədirlər.
"Ovik Abramyan hökumətinin istefası hakimiyyətin siyasi çöküşünün nəticəsi idi deyə Ermənistan siyasi və beynəlxalq araşdırmalar mərkəzinin rəhbəri Ruben Mehrabyan mətbuata verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, Ermənistanın hakim Respublika partiyasının reytinqi 2017-ci ildə keçririləcək parlament seçkiləri ərəfəsində partiyanın əsas elektoratını təşkil edən, yəni cəmiyyətin siyasiləşməyən təbəqələri arasında olduqca düşüb.
Mehrabyanın fikrincə, həmin elektoratın narazılığı ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, habelə Serj Sərkisyan iqtidarının xarici siyasətdə, xüsusən Dağlıq Qarabağ probleminin həlli məsələsində yol verdiyi səhvlərlə bağlıdır: "Əsas elektoratın itirilməsi parlament seçkiləri üçün böyük çətinliklər yarada bilərdi. Situasiyanı düzəltmək üçün hakimiyyət sadəcə qalaqurma (şahmat terminidir-red) etdi...
Ekspert həmçinin qeyd edib ki, iqtidar Ovik Abramyanın istefasını guya xalq etimadına əsaslanan hökumətin qurulmasının əlaməti olaraq təqdim etmək istəyir.
"Xalqın etimadına əsaslanan hökumətin formalaşması yalnız azad seçkilərlə mümkün ola bilər deyə Mehrabyan bildirib.
Ruben Mehrabyanın fikrincə, hökumətin atacağı addımlar ona veriləcək mandatın, yəni ixtiyarın dərəcəsi ilə bağlı olacaq: "Hər şey baş nazirə təşəbbüs göstərmək ixtiyarının verilib-verilməyəcəyindən, habelə Rusiya ilə bağlantılı olaraq ölkədaxili proseslərin dinamikasından asılı olacaq. Baş nazirlik postunda nəyi etməyin lazım olduğunu, hansı addımların atılacağını ona bu mandatı verənlər tərəfindən başa salınacaq.
Mehrabyana görə hökumətin ilk addımlarını müəyyənləşdirməkdən ötrü Karapetyana mövcud situasiyanı dəyərləndirmək və onun yaranma əsaslarını incələmək lazım gələcək.
Yeni baş nazir öz fəaliyyətini ölkədə bu acınacaqlı situasiyanın nəticələri deyil, onun yaranma səbəblərinin ortadan qaldırılmasına yönəltməlidir. Ən pis halda isə o bu mübarizənin sadəcə imitasiyasını həyata keçirəcək.
Mehrabyan Karen Karapetyanın onu baş nazir postuna irəli çəkən komandanın üzvü olsa da siyasətçi olmadığını düşünür: "Karen Karapetyanın öz komandası və resursları yoxdur. Baş nazirlik postu isə texniki deyil, siyasi vəzifədir. Hakimiyyət nazirlər kabineti dəyişikliyinə sırf öz maraqlarının həlli üçün gedib.
Siyasi icmalçı, politoloq Stepan Safaryan da hökumətin istefasını qarşıdan gələn parlament seçkiləri ilə bağlayıb.
"Sasna tsrer təşkilatının polis alayının binasını tutması hakimiyyəti əməlli-başlı silkələdi. Cəmiyyətin narazılğı o həddə gəlib çatıb ki, yeni Karapetyan hökuməti olduqca qısa müddətdə müəyyən nəticələri əldə etmək məcburiyyətindədir. Əks halda iqtidar seçki öncəsi daha ciddi problemlərlə üzləşəcək deyə Safaryan qeyd edib.
Lakin Stepan Safaryanın fikrincə, sosial-iqtisadi islahatlar hakim elitanın maraqlarına toxuna bilər. O, Karapetyanın hələ İrəvanın meri postunda olarkən şəhər səviyyəsində bir sıra islahatlar həyata keçirmək istədiyini, lakin onu bu vəzifəyə gətirən hakim komandanın müqaviməti ilə rastlaşdığını xatırladıb: "Məhz bu müqavimət həmin vaxt Karapetyanın mer vəzifəsindən istefasına gətirib çıxardı.
"Əsas məsələ onun həmin dövrdən hansı dərsləri alması və eyni situasiya ilə üzləşməməsi üçün Serj Sərkisyanın qarşısına hansı şərtləri irəli sürməsindədir. Öz planlarını həyata keçrimək üçün Karapetyana Sərkisyanın dəstəyi lazımdır.. deyə Safaryan vurğulayıb.
Politoloq Sergey Minasyanın fikirncə yeni hökumət islahatlara getməlidir. Lakin bunun üçün o prezidentdən kart-blanş almaq məcburiyyətindədir.
Sergey Minasyan Karen Karapetyanın Ovik Abramyandan fərqli olaraq siyasi elitaya aid olmadığını düşünür. "Lakin bu onun bəzi məsələlərdə müstəqil davranmasına gətirib çıxara bilər. Bunun üçün isə ona Sərkisyanın hərtərəfli dəstəyi lazımdır deyə o, qeyd edib.
Ermənistan müxalifəti isə hökumətlə bağlı daha bədbin düşüncədədir. Karen Karapetyanın Ermənistanın baş naziri təyin olunması ölkədə sosial-iqtisadi situasiyanı dəyişdirməyəcək deyə müxalifətdə olan "Erməni milli konqresi partiyasının sədr müavini Aram Manukyan "kavkazskiy-uzel saytına bildirib.
O, ölkədə kardinal dəyişikliklərin aparılması üçün hakimiyyətin özünün dəyişməsinin zəruri olduğunu qeyd edib. "Hökumət sədrliyinə namizədi seçərkən onun şəxsiyyətinə yox, yeni kabinetin proqramına baxırlar. Karapetyan hansı proqramla gəlir? Onun qarşısında hansı vəzifələr qoyulub? deyə müxalif siyasətçi sual edib.
Politoloqlardan fərqli olaraq Manukyan Karapetyana hərəkət etməsi üçün kart blanş veriləcəyinə inanmır.
"Mövcud sistem dəyişiklik həyata keçirmək istəyən, xüsusilə korrupsiyanı yox etməyə, monopoliyanı aradan qaldırmağa cəhd edən hər kəsi məhv etməyə hazırdır. Karapetyanı heç İrəvan meri olanda addım atmağa qoymamışdılar.
Ermənistanın "Miras partiyasının sədr müavini Armen Martirosyanın fikrincə isə Karapetyanı Ermənistana Rusiya sırıyıb. Onun fikrincə, Rusiya regionda yeganə hərbi bazasının mövcud olduğu ölkədəki problemlərini həll etməyə çalışır. Hətta hakimiyyətə yaxın sosioloji mərkəzlər tərəfindən keçirilən sorğular Rusiyanın tərəfdarlarının azaldığını, Avropa Birliyinə dəstək verənlərin isə sayının artdığını göstərib. Rusiya Emərnistanın siyasi kursunda daxili "sabotajın baş verməməsi üçün vəziyyəti nəzarətdə saxlamaq istəyir.
Müxalif siyasətçinin fikrincə, Rusiyanın dəstəyinə möhkəm sarılan Ermənistan hakimiyyətinə Karapetyanın namizədliyi sərf edən variantdır. Martirosyan Karapetyanın İrəvan meri vəzifəsindki fəaliyyətinin də qəsdən şişirdildiyini düşünür.
"Karapetyanın küçə ticarətini qadağan etməsi sayəsində şəhər küçələrində bir çox pavilyonlar ortadan qaldırıldı, minlərlə insan isə iş yerlərindən məhrum oldu - deyərək Martirosyan hökumət sədrinin uğur qazancağına inanmadığını qeyd edib.