Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 18-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin tədbirdə iştirak edən aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərlərinin aidiyyatı qurumlara göndəriləcəyi nəzərə çatdırılıb.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.