Ləğv olunan "Royalbank ASC-nin keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barəsində birinci instansiya məhkəməsinin hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən dövlət ittihamçısının protesti təmin edilib.
P.Vəliyev və R.Abbasov barəsində olan şərti cəza ləğv edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verib.
Qeyd edək ki, "Royalbank ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-c (mənimsəmə), P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə şərti cəza verilib.