Oktyabrın 12-də "Azərbaycan Dəmir Yolları QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib.


"Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyindən Unikal.org-a bildirilib ki, açılış mərasimində "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov iştirak edib.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, "Azərbaycan Dəmir Yolları QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.

Dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilib. Əsaslı təmirdən sonra burada bir deyil, iki baza fəaliyyət göstərir.


Məlumat verilib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Eyni zamanda bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 kilometrdən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 kilometr yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.

Bundan başqa ərazidə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib.

Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları QSC rəhbərliyinin yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınıb.

Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunub-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilib, ərazi müasir səviyyədə hazırlanıb, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib.

Texnikalar üçün nəzərdə tutulan anqarın və yeni stadionun tikintisi davam edir.

"Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib, görülən işlərə görə 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivinə təşəkkür edib.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub.